Çıxışlar və müsahibələr

  • Yenilənib 05.09.2013 10:58
  • Yaradılıb 19.09.2012 14:49
Milli sosial-iqtisadi inkişaf modeli
 
 
 
"İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir.
Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər
görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır".
 

İlham ƏLİYEV

 

Adı dünya tarixində keçən bütün xalqlar üçün hər zaman ən böyük milli sərvət kimi qəbul edilən müstəqillik zaman və məkandan asılı olmayaraq, ümumi inkişaf prosesinin istiqamət və mahiyyətinin müəyyən olunmasında daim həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, hüquqlarını azad, suveren şəkildə həyata keçirən xalqların tərəqqisi həmişə yüksək göstəricilərlə ifadə edilmiş, onların intibahı dayanıqlı, davamlı və sürətli xarakterə malik olmuşdur. Dünyanın mövcud siyasi xəritəsinə diqqət yetirməklə də müstəqil dövlətlər, xalqlar arasında inkişaf dinamikasının istər məzmun, istərsə də forma etibarı ilə kifayət qədər fərqli olduğunu aydın görmək mümkündür.

Bəşər sivilizasiyanın ilk beşiklərindən sayılan Azərbaycanın müstəqil subyekt olaraq varlığını davam etdirməsi üçün zəngin keçmişə, böyük tarixə malik olan xalqımız daim əzmlə mübarizə aparmış, ötən əsrin son onilliyində yenidən öz suverenliyinə qovuşmuşdur. Seçdiyi inkişaf yolunda sürətlə və inamla irəliləyən, tərəqqisinə xidmət edən strategiyanı uğurla reallaşdıran müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər isə onun təkcə mövcud olduğu regionda yox, həm də dünya miqyasında lider mövqelərdən birinin sahibi kimi çıxış etməsini təmin etmişdir. Bu müddət ərzində özünəməxsus mütərəqqi cəhətləri ilə seçilən milli sosial-iqtisadi inkişaf modelinin əsasını da yaratmaq kimi möhtəşəm nailiyyətə imza atmağı bacaran müasir Azərbaycan modern və dinamik tərəqqi parametrlərinə görə bəşəri miqyasda nümunəvi bir ölkəyə çevrilmişdir. Sözügedən modelin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən iqtisadiyyatın inkişafında, onun təhlükəsizliyinin təmin edilməsində, mövcud resurslardan səmərəli istifadə olunmasında, dünya iqtisadiyyatına inteqrasiyada və vətəndaşların rifah halının yüksəldilməsində sosialyönümlü bazar iqtisadiyyatı strategiyası durur.

Buna görədir ki, Azərbaycanın dövlət müstəqilliyinə qovuşduğu və yeni intibah yoluna çıxdığı dövr ümummilli liderin adı ilə bağlıdır. Həmin dövrə qədər isə kifayət qədər ciddi siyasi, iqtisadi, institusional, hüquqi, sosial, psixoloji xarakterli problemlər ölkəmizin yenicə qovuşduğu suverenliyini itirmək təhlükəsini yaratmışdı. Bu kontekstdə isə müstəqillik illərində əldə olunmuş nailiyyətlər haqqında danışmazdan öncə ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş iqtisadi vəziyyətlə bağlı bir sıra məqamlara toxunmaq yerinə düşərdi.

Həmin vaxt ölkəmizdə makroiqtisadi qeyri-sabitlik hökm sürür, ümumi daxili məhsul (ÜDM) hər il 13-20 faiz azalırdı. Maliyyə-bank sistemi iflic vəziyyətə düşmüş, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə çatmış, 1994-cü ildə inflyasiyanın səviyyəsi 1763,5 faiz olmuşdur. Milli Bankın uçot dərəcəsi 250 faizə yüksəlmiş, ölkənin valyuta ehtiyatı, demək olar ki, tükənmiş, manat Rusiya rubluna nisbətən 9, ABŞ dollarına nisbətən isə 245 dəfə ucuzlaşmışdır. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdır. Əhalinin sosial vəziyyəti də günbəgün pisləşirdi. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin real əməkhaqqı 8,2, əhalinin real pul gəlirləri 3,6 dəfə aşağı düşmüşdür.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəni sosial-iqtisadi xaosdan çıxarmaq mümkün oldu. Ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, daxili sabitlik təmin olundu. Həmçinin qısa müddət ərzində Heydər Əliyevin birbaşa rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu. Və nəhayət, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı və neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Bu müqavilə Azərbaycanın potensial imkanlarını bütün dünyaya göstərməklə yanaşı, xarici investorların ölkəmizə marağının iqtisadi əsaslarını yaratmış oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1999-cu ildə Bakı-Supsa və 2006-ci ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərləri istismara verildi və bununla da neftin ixrac marşrutlarının diversifikasiyası yaradıldı.

Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan maliyyə sistemində və bank sektorunda da köklü dəyişikliklər həyata keçirildi və yeni iqtisadi münasibətlər formalaşdırıldı. Ölkədə maliyyə, pul-kredit, vergi, qiymət, gömrük sahələrində geniş islahatlar həyata keçirildi, idarəetmə, nəzarət və tənzimləmə funksiyaları beynəlxalq standartlara uyğun təkmilləşdirildi. Maliyyə intizamının gücləndirilməsi, manatın məzənnəsinin tənzimlənməsi kimi tədbirlərin həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində struktur islahatlarının aparılması ilə müşayiət olundu ki, bu da ümumi iqtisadi duruma müsbət təsir göstərdi. Struktur islahatlarının aparılması, həmçinin vergi dərəcələrinin aşağı salınmasına, yığım səviyyəsinin artırılması və vergitutma bazasının genişləndirilməsi hesabına büdcə gəlirlərinin artırılmasına, büdcə xərclərinin şəffaflığının və idarə olunmasının səmərəliliyinin yüksəldilməsinə şərait yaratdı.

Bunlardan əlavə, inflyasiyanın aşağı səviyyədə saxlanılmasına, iqtisadiyyatın pulla təminatının yaxşılaşdırılmasına və ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşmasına yönəldilmiş pul-kredit siyasəti nəticəsində makroiqtisadi sabitlik göstəricilərindən biri olan inflyasiyanın 1995-ci ildən başlayaraq minimuma endirilməsinə nail olundu, ötən müddət ərzində idarə olunan səviyyədə saxlanıldı. Görülən tədbirlərin nəticəsidir ki, təkcə son 10 il ərzində bank aktivləri 15, əhalinin əmanətləri 36, iqtisadiyyata kredit qoyuluşları isə 19,6 dəfə artmışdır. Əhalinin əmanətləri də bu dövr ərzində 250 dəfə artmış, ÜDM-ə nisbəti isə 0,6 faizdən 7,3 faizə yüksəlmişdir.

Mütərəqqi vergi sisteminin qurulması, vergilərin sayının və dərəcələrinin aşağı salınması, sahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi sisteminin tətbiq edilməsi, mübahisəli məsələlərin vergi ödəyicilərinin xeyrinə həll olunmasına üstünlük verilməsi və digər məqsədyönlü tədbirlər nəticəsində 1995-2003-cü illər ərzində dövlət büdcəsinin gəlirləri 3, 2010-cu ildə isə 2003-cü illə müqayisədə 9,3 dəfə artmış, büdcə kəsirinin ÜDM-ə nisbəti 2010-cu ildə 0,9 faizə enmişdir. Eyni zamanda qiymətli kağızlar bazarının inkişafı sahəsində mütərəqqi hüquqi və təşkilati tədbirlər həyata keçirilmiş, maliyyə vasitəçiliyi institutları yaradılmış, xarici təsirlərə daha həssas olan maliyyə sektorunun dayanıqlığı təmin olunmuşdur. Strateji valyuta ehtiyatlarından istifadənin səmərəliliyi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, konservativ borclanma strategiyası həyata keçirilmişdir. Müstəqilliyin ilk illərində ölkəmizin valyuta ehtiyatları olmadığı halda, artıq 2003-cü ildə ölkənin 1,6 milyard ABŞ dolları qədər strateji valyuta ehtiyatları formalaşdırılmışdı. 1995-2003-cü illər ərzində isə ölkənin strateji valyuta ehtiyatları 85 dəfə artmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarından artıqdır ki, bu da xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 7,4 faiz təşkil edir ki, bu da beynəlxalq tələblərə tam cavab verir.

Mənfəət neftinin satışından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradılmışdır. Qeyd etmək lazımdır ki, Dövlət Neft Fondunun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkədir. Dövlət Neft Fondunda toplanan vəsaitlərin səmərəli istifadə edilməsi ilə bağlı dövlət strategiyası müəyyən edilmişdir və "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" Prezidentin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Həmin strategiyaya uyğun olaraq, neft və qaz gəlirləri əsasən makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın, infrastruktur sahələrinin inkişafına, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsinə, qaçqın və mücburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və digər sosial problemlərin həllinə, eləcə də iqtisadiyyatın intellektual və texnoloji səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına, "insan kapitalı"nın inkişafına yönəldilir.

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xaratkerə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, bu gün ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsi, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır.

Sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatı, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi təmin edilmişdir. Həmçinin sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların maksimal həddi 15 faiz müəyyənləşdirilmişdir. Eyni zamanda sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunmuşdur.

Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Güzəştli kreditlərdən istifadə qaydalarında dəyişikliklərin edilməsi, sahibkarlara verilən güzəştli kreditlərin maksimal məbləğinin və müddətinin artırılması, faiz dərəcələrinin 7-dən 6-ya endirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən indiyədək iqtisadiyyatın prioritet istiqaməti olan qeyri-neft sektorunda 12 min layihənin icrasına 700 milyon manat güzəştli kredit ayrılmışdır.

Bütövlükdə ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya yönəldilmişdir. Təqdirəlayiq haldır ki, əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. 2000-ci ildə 47,5 faiz paya malik olan daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Eyni zamanda xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Bu gün özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir.

Sənayenin sürətli inkişafı nəticəsində isə Azərbaycan son illər iqtisadi artım templərinə görə dünyanın diqqətini özünə cəlb etmiş, dünya iqtisadiyyatını böhran bürüdüyü halda belə müsbət artım templəri nümayiş etdirmişdir. Belə ki, sənayedə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1991-ci ildə 20 faizdən 2010-cu ildə 52,5 faizədək artmış və 21,8 milyard manatdan çox olmuşdur. Son 10 ildə emal sənayesində məhsul istehsalı 2 dəfədən çox artmış, iqtisadiyyatın diversifikasiyası üçün böyük potensiala malik emal sənayesinin inkişafı təmin edilmişdir. Kimya məhsulları istehsalı zəruri xammal bazasının və yüksək tələbatın mövcudluğu baxımından ölkə sənayesinin aparıcı sahələrindən birinə çevrilmişdir. Tikinti sektorunun sürətlə inkişaf etməsi isə ölkədə tikinti materialları istehsalı üçün əlverişli imkan yaratmış, tikinti materiallarının istehsalı 2010-cu ildə 1991-ci illə müqayisədə 25,8 faiz artmışdır. Tikinti materialları istehsalının növbəti illərdə daha da artırılması, ölkədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Artıq 3 yeni sement zavodunun inşasına başlanmışdır ki, bu da ölkədə sementə olan tələbatı tam təchiz etməklə bərabər, onu ixrac etməyə də imkan verəcək. Metallurgiya və hazır metal məmulatların istehsalı müəssisələrinin özəl sahibkarların istifadəsinə verilməsi, bu sahəyə investisiya qoyuluşları da ölkədə metal emalı müəssisələrinin fəaliyyətinin güclənməsinə və metallurgiya məhsulları istehsalının ilbəil artmasına imkan vermişdir. Metallurgiya sənayesi ilə yanaşı, maşınqayırma sənayesi də inkişaf etmişdir. Son 5 ildə maşınqayırma məhsulları istehsalı orta hesabla 39 faiz, 2010-cu ildə isə 88 faizdən çox artmışdır. Bütün bunlarla yanaşı, sənaye müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 1991-ci ildəki 7,7 manatdan 2010-cu ildə 451,8 manata çatmış və bu göstərici bütövlükdə ölkə iqtisadiyyatında çalışanların orta əməkhaqqı göstəricisini 36,3 faiz üstələyir.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabətqabiliyyətliyini artırmaq məqsədilə toxum, mineral gübrə və damazlıq mal-qaraya subsidiyalar verir, texnika ilə təminat diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hələ 2005-ci ildə "Aqrolizinq" ASC yaradılmış, ötən dövr ərzində səhmdar cəmiyyət tərəfindən 11000-dən çox kənd təsərrüfatı texnikası istehsalçılara verilmişdir. Bundan savayı, aqrar sektorun inkişafı məqsədilə SKMF tərəfindən 10000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 400 milyon manata yaxın güzəştli kredit verilmişdir. Görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatında ümumi buraxılışın həcmi son 20 ildə 5,4 dəfə artmışdır.

Qida məhsullarının istehsalı ölkənin qeyri-neft sənayesində böyük xüsusi çəkiyə malikdir və bütövlükdə özəl sahibkarlıq subyektlərinin fəaliyyəti əsasında formalaşır. Artıq ölkədə keyfiyyətli şəkər, yodlaşdırılmış duz, bitki yağları, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, quş əti, makaron, çörək-bulka məmulatları, digər məhsullar istehsal edən qida sənayesi sektoru formalaşmışdır. Düşünülmüş iqtisadi siyasət nəticəsində aqrar sektorun, eləcə də qida sənayesinin inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə imkan verir. Hazırda ölkəmiz əsas ərzaq məhsulları ilə özünü daxili istehsal hesabına təmin edə bilir.

Dinamik inkişaf edən qeyri-neft sektorundan olan rabitə sektorunun ÜDM-də payı 2 faizə çatmış, onun həcmi son 20 ildə 88 dəfə artmışdır. Prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektorunda isə son 20 il ərzində nəqliyyat xidmətləri 3,7, nəqliyyat sektorunda yük dövriyyəsi 2,3 dəfə çoxalmışdır.

Ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və turizm sahəsinin inkişaf etdirilməsi, turizm potensialından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiətinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədilə bu sektora xüsusi diqqət verilir. Artıq bir neçə ildir ki, MDB-də analoqu olmayan Şahdağ yay-qış turizm kompleksi tikilir.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi, eləcə də yeni müəssisələrin təşkili məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə kənd təsərrüfatının inkişafına xüsusi töhfə verən və müasir standartlara cavab verən R-1 və R-2 yüksək reproduksiyalı toxumlar istehsal edən "Azərtoxum" müəssisəsi, qida duzunun istehsalı və digər əhəmiyyətli layihələr həyata keçirilmiş, Gəmiqayırma Zavodunun inşası, Sement zavodunun yenidənqurulması, yeni istixana kompleksinin yaradılması, süd zavodu, uşaq qidası istehsalı müəssisəsi və digər layihələr davam etdirilir.

Bütövlükdə, son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.

Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası isə davam etdirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.

Elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə özündə 817 tədbiri əks etdirən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyev 9 sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan Bakının rayon və qəsəbələri üçün 28,5 milyon manat vəsait ayrılmışdır.

İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində rolu baxımından xarici ticarət ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən hesab olunur. Müstəqillik illərində ölkəmiz xarici ticarət sahəsində böyük nailiyyətlər əldə etmiş, idxal edilən texnoloji avadanlıqlarla yeni istehsal müəssisələri qurulmuş, texnoloji infrastruktur yenilənmiş və gücləndirilmiş, son nəticədə qlobal bazarlarda rəqabətqabiliyyətli olan yerli məhsul ixracı artmışdır. 1991-ci illə müqayisədə 2010-cu ildə ölkəmizin xarici ticarət dövriyyəsi 7, o cümlədən idxal 3,5, ixrac isə 10,1 dəfə artmışdır. Hazırda Azərbaycan 150-yə yaxın ölkə ilə ticarət sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, ixracın həm coğrafi, həm də sektorlar üzrə diversifikasiyası, hazırda ixrac olunan malların ənənəvi bazarlara satış həcminin artırılması, həmin malların yeni ixrac bazarlarına çıxarılması və rəqabət potensialı olan ixrac mallarının ənənəvi və yeni bazarlara çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Bütövlükdə Azərbaycanda gələcək davamlı iqtisadi inkişafı təmin edən, xarici təsirlərə dayanıqlı olan iqtisadi sistem formalaşdırılmış, ölkəmizin enerji təhlükəsizliyi təmin edilmişdir. Azərbaycan artıq enerji daşıyıcıları idxalçısından onun ixracatçısına çevrilməklə həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından etibarlı tərəfdaşdır.

Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir. Müstəqillik illərində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 30,8, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 93 dəfə artmış, əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə 52 dəfə çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin hər nəfərinə düşən gəlirləri də 16,2 dəfə artaraq 2010-cu ildə 2866 manata çatmışdır. Ən əsası, məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizə qədər azalmışdır.

Regionların inkişafı, yoxsulluğun və işsizliyin azaldılmasını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, ölkə iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bütün bunların nəticəsi olaraq 2004-2010-cu illər ərzində ölkədə 1 milyona yaxın yeni iş yeri yaradılmışdır.

BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.

Ölkədə sosial infrastrukturun yeniləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yalnız 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlara təchiz edilmişdir. Eləcə də fond tərəfindən səhiyyə və mədəniyyət infrastrukturunun yaradılması və bərpası, mədəniyyətimizin təbliği istiqamətində böyük layihələr həyata keçirilmişdir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "neft kapitalı"nın "insan kapitalı"na çevrilməsi siyasəti nəticəsində ölkənin gələcək inkişafının indiki gənc nəslin təhsil səviyyəsindən birbaşa asılılığı nəzərə alınaraq Prezidentin müvafiq sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" həyata keçirilir. Dövlət proqramı çərçivəsində bakalavr və magistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilmişdir. Neft Fondundan ayrılan vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların təhsil haqları, viza və qeydiyyat, yaşayış, tibbi sığorta və yol xərclərinin ödənilməsinə yönəldilir. Qeyd edək ki, proqram çərçivəsində 1 yanvar 2011-ci il tarixinə 733 nəfərin müxtəlif ölkələrin aparıcı təhsil müəssisələrində təhsili ilə bağlı xərclər fond tərəfindən maliyyələşdirilmişdir.

Bütövlükdə, 1993-cü ildən başlayaraq məntiqi ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş və azad rəqabət mühiti formalaşdırılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin bazar tərəfindən müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün başa çatmasına nail olunmuşdur.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.

"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə 11, "əmtəə və xidmətlər bazarının səmərəliliyi" alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.

Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. "Doing Business - 2009" hesabatının nəticələrinə əsasən Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. "Doing Business" hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.

Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən "mülkiyyətin qeydiyyatı" üzrə 10-cu, "biznesin yaradılması" üzrə 15-ci, "investisiyaların qorunması" üzrə 20-ci yerdə bərqərar olmuşdur. "The Heritage Foundation" fondu və "The Wall Street Journal" məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son "İqtisadi Azadlıq İndeksi" hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.

"Fitch Ratings" agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə ilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.

Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

Milli Sosial-iqtisadi inkişaf modeli Azərbaycanın perspektivdə daha mühüm uğurlara imza atacağına elmi şəkildə əminlik yaradır. Prezident İlham Əliyev artıq inkişafın yeni hədəfini müəyyənləşdirib: respublikamız qısa müddətdə inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır. Bu məramın gerçəkləşməsi üçün Azərbaycanda konkret iqtisadi zəmin var. Eyni zamanda, yürüdülən düzgün və səmərəli islahatlar kursu, həyata keçirilən məqsədyönlü modernləşmə strategiyası da respublikamızın dünyanın lider ölkələri sırasına daxil olmasını təmin edəcək faktorlardandır.

Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün ən əsas göstəricisi də odur ki, bu gün ölkəmizdə bütün sahələr üzrə nailiyyət hesabatları verilir, Azərbaycanın hərtərəfli yüksəlişi real faktların timsalında nümayiş etdirilir. Düzgün təməl üzərində müəyyənləşən inkişaf konsepsiyası isə Azərbaycanın hələ uzun onilliklər boyu davam edəcək və daha geniş miqyas alacaq milli intibahının əsas amili olacaq. Bütün bu müvəffəqiyyətlər bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və böyük inkişafa, yüksəlişə nail oldu.

 


← Geriyə