Çıxışlar və müsahibələr

  • Yenilənib 07.01.2015 11:26
  • Yaradılıb 07.01.2015 11:21

Azərbaycan sənayesi: tarixi yolun uğurlu davamı

 

"Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır.
Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir".
İlham ƏLİYEV

 

Dünyada hələ də davam edən və əslində, özünün yeni böhran mərhələsinə qədəm qoyan qlobal iqtisadi-maliyyə tənəzzül tendensiyaları fonunda respublikamızın bütün sahələr üzrə yüksəlişinin davam etməsi, eyni zamanda yeni istiqamətlər üzrə tərəqqi əldə olunması, şübhəsiz ki, Azərbaycanın hərtərəfli inkişaf strategiyasının əyani nəticələridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən müasir inkişaf meyillərinə əsaslanaraq həyata keçirilən bu siyasətin uğurlarının bir təzahürü əhalinin sosial rifahının yüksəlməsi və dövlətimizin iqtisadi qüdrətinin artmasıdırsa, digər nümunəsi Azərbaycanın artıq bölgənin iqtisadi güc mərkəzindən dünyanın nüfuzlu geoiqtisadi aktorlarından birinə çevrilməsidir.
Bu nailiyyətlər silsiləsi 2014-cü ildə də müvəffəqiyyətlə davam etmiş, ölkəmiz 2015-ci ilə böyük uğur potensialı ilə qədəm qoymuşdur. Ötən dövrün ən əlamətdar cəhətlərindən biri də o idi ki, 2014-cü il ümumilikdə tarixə "Sənaye ili" kimi həkk olundu. İqtisadiyyatın uzun zamandır prioritet sahəsi olan sənaye ötən il ərzində intibahının yeni mərhələsinə qədəm qoydu və bu sahənin modernləşməsi istiqamətində davamlı addımlar atıldı.
Tarixə nəzər salarkən görürük ki, son üç əsrdə əl əməyindən maşına, manufakturadan fabrikə, aqrar iqtisadiyyatdan sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçmiş sənaye dünyada iqtisadi inkişafın mühərrikinə çevrilmişdir. Sənayeləşmə təkcə maşın və avadanlıqların iqtisadiyyata tətbiqi ilə istehsalın sürətli artımına səbəb olmamış, həm də insanların rifahının yüksəlməsinə təkan vermişdir. Bu isə sənayeləşmənin təkcə iqtisadi deyil, eləcə də sosial və elmi aspektlərlə bağlı olduğunu göstərir.
Sənaye bu gün əksər ölkələrdə iqtisadi siyasətin başlıca istiqamətlərindəndir. Dünya ölkələrinin ÜDM-ində sənaye mühüm xüsusi çəkiyə malikdir, bu sahəyə irihəcmli investisiyalar yatırılır, texnoloji yeniliklər daha çox sənaye sektorunda tətbiq olunur, ticarətdə sənaye məhsullarının idxal və ixracı üstünlük təşkil edir. Hazırda dünyada işçi qüvvəsinin təxminən dörddə biri sənaye sahələrində cəmləşib. Burada diqqəti cəlb edən məqamlardan biri də inkişaf etməkdə olan ölkələrin dünya sənaye istehsalında payının artmasıdır. Belə ki, bu ölkələrin dünya sənaye istehsalında payı 2000-ci illə müqayisədə 2 dəfə artaraq 40%-ə çatmışdır. Bundan başqa, yüksək əlavə dəyər yaradan iş və xidmətlərin inkişaf etməkdə olan ölkələrə köçürülməsi, istehlakın coğrafi strukturunda bu ölkələrin payının artması tendensiyası müşahidə olunur.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilmişdir. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri Azərbaycanda istifadəyə verilmiş, 1900-cü ildə ölkəmiz neft hasilatına görə dünyada birinci olmuşdur. Bakının neft mərkəzi kimi əhəmiyyəti 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da davam etmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan SSRİ-nin neft və neft emalı məhsullarının 70%-dən çoxunu təmin edirdi. 1945-1969-cu illərdə sənayeləşmə Azərbaycan regionlarına da nüfuz etmiş, Mingəçevir və Sumqayıtın əsası qoyulmuşdur. Daşkəsəndə filizsaflaşdırma, Gəncə və Sumqayıtda alüminium istehsalı, Qaradağda sement istehsalı müəssisələri istifadəyə verilmişdir.
Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev sənayenin inkişafına böyük diqqət yetirmişdir. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, bir sıra iri sənaye müəssisələri yaradılmış, sənayenin diversifikasiyası sürətlənmiş, strukturu təkmilləşmişdir.
1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100%-i, dərinlik nasoslarının 100%-i, digər neft-mədən avadanlığının 70%-i Azərbaycanda istehsal edilmişdir. Həmçinin şərab məhsullarının üçdə bir hissəsi, elektrik-qaynaq avadanlığının 10%-dən çoxu, soyuducuların 6%-i ölkəmizin məhsulu idi. Həmin dövrdə Cənubi Qafqazın ən iri poladtökmə zavodu, Bakı məişət kondisionerləri, Gəncədə elektronika məhsulları istehsal edən "Billur", Sumqayıt məişət kompressorları, inteqral mikrosxemlərin istehsalı üzrə ixtisaslaşan "Azon" zavodları, Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi, Mingəçevirdə Cənubi Qafqazda ümumi gücünə görə ən böyük elektrik stansiyası olan Azərbaycan İES və Bakı Dərin Özüllər Zavodu fəaliyyətə başlamışdır.
Qeyd edək ki, ötən əsrin 60-ci illərində yanacaq-enerji kompleksi sənayedə əsas paya malik idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülmüş tədbirlər sayəsində 1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmış və bu artım qeyri-neft sahələrinin hesabına əldə edilmişdi. Artıq 1980-ci illərin əvvəllərində sənayenin strukturunda neft-kimya, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma, elektronika, mebel istehsalı, yüngül və yeyinti sənaye sahələrinin payı 75%-ə yüksəlmişdi.
Göründüyü kimi, əslində, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayedə də tənəzzülə səbəb olmuş, sənaye istehsalının həcmi və çeşidi azalmışdır. Sənayenin yenidən canlanması ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanmış "Əsrin müqaviləsi" ilə başlanmışdır. Heydər Əliyevin böyük səyi sayəsində 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkədə neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, qeyri-neft sənayesinin inkişafına da təkan vermişdir. "Əsrin müqaviləsi"nin siyasi və iqtisadi əhəmiyyəti bundan sonra da uzun illər aktuallığını saxlayacaqdır.
Ulu öndərin rəhbərliyi ilə sənaye sahəsində görülən məqsədyönlü tədbirlər nəticəsində 1997-ci ildən başlayaraq sənaye istehsalında artım qeydə alınmışdır. Bu dövrdə qiymətlərin liberallaşdırılması, sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, bazar iqtisadiyyatı institutları yaradılmışdır. "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan kimi mühüm layihələrin əsası da məhz bu dövrdə qoyulmuş, bir sıra iri sənaye müəssisələri yaradılmışdır. Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycan sənayesinin böhrandan sonra bazar iqtisadiyyatı şəraitində sağlam təməllər üzərində yenidən canlanması dövrü kimi xarakterizə oluna bilər.
Ümummilli liderin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezidentin dediyi kimi, "Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir".
2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən olmuş, Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilmiş, yeni istifadəyə verilmiş elektrik stansiyaları hesabına elektrik gücləri 2300 MVt-dan çox artmışdır. Ənənəvi istehsal sahələrinin fəaliyyəti genişlənmiş, yeni istehsal sahələri yaradılmış, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində infrastruktur layihələri həyata keçirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit qovşağı kimi rolunu daha da yüksəldəcək, ölkəmizin mənafeyinə xidmət edəcəkdir.
Dünyanın ən iri enerji layihələrindən olan və ötən il sentyabrın 20-də "Əsrin müqaviləsi"nın 20 illik yubileyi günündə təməli qoyulmuş Cənub Qaz Dəhlizi nəinki regionun, hətta qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə əhəmiyyətli olacaq, iqtisadiyyatın bir çox sahələrinin, eləcə də sənayenin inkişafına təkan verəcəkdir.
Ümumilikdə son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5, elektrik avadanlıqlarının istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artmışdır. Sənayenin inkişafı bu sahədə çalışanların sosial rifahının yüksəlməsində də özünü göstərir. Belə ki, son 10 ildə sənayedə əməkhaqqı 5 dəfə artaraq 700 manatı ötmüşdür.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi iqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafına yeni impuls vermişdir.
Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda 5 prioritet istiqamət - sənaye potensialının gücləndirilməsi, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ-hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təşkilati tədbirlər, təbliğat və təşviqat işləri müəyyənləşdirilmişdir. Bu istiqamətlərə uyğun olaraq il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
Qeyd edək ki, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.
Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.
Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Artıq Azərbaycanın peykləri - "Azərspace" və "Azərsky" orbitə çıxarılmış və ölkəmiz dünyanın "kosmos ailəsi"nin üzvünə çevrilmişdir.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet hədəf kimi qarşıya qoyulub və artıq Azərbaycan Silahlı Qüvvələrinin lazımi silah və hərbi texnika ilə təminatı sahəsində uğurlu addımlar atılır. Artıq ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli istehsal hesabına təmin olunur, Azərbaycan istehsalı olan hərbi sənaye məhsulları beynəlxalq sərgilərdə nümayiş olunur və yüksək qiymətləndirilir.
Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi diqqət göstərilir, bu sahədə müasir infrastruktur yaradılır. Bərpa olunan və alternativ enerji mənbələrindən səmərəli istifadə sahəsində görülən işlər sənayenin şaxələnməsinə xidmət etməklə yanaşı, Azərbaycan sənayesi üçün əlavə enerji mənbələri yaradır.
Yeni mərhələdə sənayenin başlıca xüsusiyyətlərindən biri də paytaxt Bakı ilə yanaşı, ölkənin digər regionlarında da sənayenin inkişaf etdirilməsidir. Tarixən zəngin ənənələrə malik olması, yerli şərait və potensial nəzərə alınmaqla ölkə regionlarında müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələrinin yaradılması bölgələrin ümumi sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə yanaşı, regionlarda məşğulluq səviyyəsini daha da artırır. Sənaye sahəsində zəngin təcrübəsi olan Sumqayıt, Mingəçevir və Gəncədə uyğun olaraq kimya, toxuculuq və metallurgiya sahələrinin inkişafı üçün tədbirlər görülür.
Son məhsuladək texnoloji zəncirin qurulması Azərbaycan sənayesinin əsas inkişaf istiqamətlərindəndir. Bu, ölkədə mövcud olan zəngin təbii resurslardan səmərəli istifadəyə, bütün istehsal tsiklinin ölkə ərazisində formalaşmasına şərait yaradacaqdır. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın".
Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağrışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elmtutumlu sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan, Sumqayıt Texnologiyalar Parkı artıq Azərbaycan sənayesində bir çox yeniliklərə imza atmışdır. İnnovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın inkişafı məqsədilə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının tam yaradılması istiqamətində işlər aparılır.
Dövlət başçısının iştirakı ilə 2013-cü ildə təməli qoyulmuş və cənab Prezident tərəfindən sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür və bu işlər 2015-ci ilin sonunadək başa çatdırılacaqdır. Artıq Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanmış, hazırda yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, şüşə istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalı məqsədilə potensial investorlarla danışıqlar aparılır, təqdim olunan layihələr dəyərləndirilir.
2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Sənaye Parkında xarici infrastrukturun yaradılması istiqamətində işlər, demək olar ki, başa çatdırılmış, yaxın zamanlarda sənaye parkında daxili infrastrukturun, inzibati bina və istehsal sahələrinin tikintisinə başlanılacaqdır. Sənaye Parkında fəaliyyət göstərmək üçün 3 rezident qeydiyyata alınmış, yeni rezidentlərin cəlb olunması istiqamətində işlər davam etdirilir.
Bundan başqa, Gəncə və Mingəçevir şəhərlərində də mövcud potensiala əsaslanan müasir sənaye parklarının yaradılması nəzərdə tutulur.
Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında əsas istiqamətlərdən biri də ölkənin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin yaradılması yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 8 oktyabr 2014-cü il tarixli fərmanından irəli gələn tapşırıqların icrası istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın formalaşdırılması məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilmiş, "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"nin layihəsi hazırlanmışdır. Hazırda ölkənin müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanları araşdırılır. Təhlillərin nəticəsinə uyğun olaraq, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən sənaye məhəllələrinin yaradılmasına başlanılacaqdır.
"Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, ötən ilin noyabrında Bakıda "XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı, jurnalistlər, eləcə də magistr və doktorantlar arasında müsabiqələr keçirilmiş, KİV nümayəndələrinin bir sıra sənaye müəssisələrinə məlumat turları təşkil edilmişdir. Beynəlxalq Sənaye Konfransı çərçivəsində, həmçinin, müxtəlif nominasiyalar üzrə yerli sənaye müəssisələri mükafatlandırılmışdır.
Ümumilikdə 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılmışdır. Müasir texnologiya və avadanlıqlara əsaslanan bu müəssisələr arasında "Norm" sement zavodu, kağız və karton istehsalatı kombinatı, yağ fabriki, mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fabrikləri, "Arpaçay-1" və "Arpaçay-2" su-elektrik stansiyaları, Suraxanı Günəş Elektrik Stansiyası, "Gilan" qida şəhərciyi, yem istehsalı və meyvə-tərəvəz emalı müəssisələri, alüminium, kərpic, asfalt, metal konstruksiya zavodlarını və digərlərini qeyd etmək olar. Sənaye müəssisələrinin təməlinin qoyulması və açılışında Prezident İlham Əliyevin iştirakı, tapşırıq və tövsiyələrini verməsi ölkənin qeyri-neft sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.
Hazırda təkcə dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.
İqtisadiyyatın digər sahələri ilə bərabər, sənayenin inkişafı ilə bağlı konkret hədəflər də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Konsepsiyada müəyyənləşdirildiyi kimi, yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, sənayenin ən müxtəlif sahələri inkişaf etdiriləcək, son məhsul istehsalınadək texnoloji zəncirlər qurulacaq, ixrac potensialı daha da genişləndiriləcəkdir. Sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, qeyri-neft sənayesinin inkişaf etdirilməsi dövlət investisiya siyasətində əsas istiqamətlərdən olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, inkişaf konsepsiyasında bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Dövlət proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Bu məqsədlərin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin, yaradılması, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.
Beləliklə, Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, zəngin sənaye ənənələri, mövcud sənaye potensialı, münbit biznes və investisiya mühiti, əlverişli coğrafi mövqe və təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, dövlət dəstəyi tədbirləri ölkə sənayesinin sürətli inkişafına tam əsas yaradır və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır" strateji xəttinə uyğun olaraq, sənayeləşmə siyasəti uğurla aparılır.
İqtisadiyyatın digər sahələri kimi, sənayedə də aparılan sistemli, müasir çağırışlara cavab verən siyasət nəticəsində əldə olunan nailiyyətlər bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara, qarşıya qoyulan əsas hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla irəliləyir.

 

← Geriyə