Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 06:56
  • Yaradılıb 20.09.2012 06:21

Azərbaycanın ixrac imkanları daha da genişlənir

 

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV: "Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının artırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir"

Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin mayın 14-də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər görülməsinə yönələn fərmanı xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, sözügedən fərman idxal-ixrac prosedurlarının iqtisadi inkişafın bugünkü tələblərinə uyğunlaşdırılması və sadələşdirilməsi baxımından zəruri xarakter daşıyır. Həmçinin, sözügedən fərmanla "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilmiş əlavə və dəyişikliklər ixrac potensialından daha səmərəli istifadəyə xidmət edir.
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV də bizimlə söhbətində sözügedən fərmanın iqtisadi tərəqqiyə mühüm töhfələr verəcəyinə əminliyini bildirdi.

- Cənab nazir, ilk növbədə Azərbaycanın ümumi iqtisadi inkişaf göstəriciləri barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi artım tempinə görə təkcə regionda deyil, həm də dünyada lider ölkələrdəndir. İndi də Azərbaycan bu yönümdə öz qabaqcıl mövqeyini saxlayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, görülən müvafiq tədbirlər, həyata keçirilən islahatlar sayəsində qarşıdakı dövr ərzində də Azərbaycanın dinamik tərəqqisi təmin ediləcək. Ölkənin böyük eneji ehtiyatlarına malik olması fonunda iqtisadiyyatın diversifikasiya siyasətinin müvəffəqiyyətlə reallaşdırılması, sahibkarlığa dövlət dəstəyi, regionların inkişafını özündə ehtiva edən proqramlar, qeyri-neft sektorunun sürətli tərəqqisinə xidmət edən addımlar, zamanın tələblərinə uyğun olaraq aparılan zəruri islahatlar Azərbaycanın iqtisadi mövqelərini daha da möhkəmləndirməkdədir. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, ölkəmizdə məcmu istehsalın həcmi də durmadan artmaqda, yeni istehsal sahələri, müəssisələri formalaşmaqdadır. Bu, həm də bir vaxtlar Azərbaycanın idxal etdiyi məhsulların indi ixracat mənbəyinə çevrilməsini şərtləndirməkdədir.
İqtisadi inkişafı xarakterizə edən göstəricilərə gəlincə, ilk növbədə qeyd olunmalıdır ki, təkcə 2004-2009-cu illər ərzində ölkəmizdə ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Hətta qlobal maliyyə-iqtisadi böhranın ən yüksək həddə çatdığı 2009-cu ildə ÜDM-nin real artımı 9,3 faiz təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz, nəqliyyatda 9,3 faiz artıma nail olunmuşdur.
2010-cu ilin göstəriciləri də ölkədə sosial-iqtisadi inkişaf prosesinin sürətlə davam etdiyini göstərir. Belə ki, 2010-cu ilin yanvar-aprel aylarında ÜDM real ifadədə 5 faiz, o cümlədən neft-qaz sektoru üzrə 4,9 faiz , qeyri-neft sahələri üzrə 5 faiz artmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı 1,4 faiz, rabitə sahəsi 24,9 faiz, nəqliyyat sahəsi 3,1 faiz, tikinti sahəsi isə 4,7 faiz artmış, qeyri-neft sənayesi üzrə 3,7 faizlik real artım qeydə alınmışdır.
Qazanılmış uğurlar ölkənin ixrac potensialının artmasını təmin etmiş, neft məhsulları ilə yanaşı, qeyri-neft məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2004-cü illə müqayisədə 2009-cu ildə ümumi ixrac 4,1 dəfə, qeyri-neft məhsullarının ixracı isə 1,9 dəfə çox olmuşdur. 2010-cu ildə də qeyri-neft məhsulları ixracında inkişaf davam etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında bütün enerji daşıyıcıları istisna olmaqla, qeyri-neft ixracı təqribən 2 dəfə artmışdır.
Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş uğurlu siyasətin nəticəsində mümkün olmuşdur.
İqtisadi göstəricilər ölkə iqtisadiyyatının diversifikasiyası ilə bağlı deyilənləri bir daha təsdiq edir. Belə ki, əgər ÜDM-də neft sektorunun xüsusi çəkisi 2006-cı ildə 53,8 faiz təşkil edirdisə, bu göstərici 2009-cu ildə artıq 47 faizə qədər azalmışdır. Nəzərə alınmalıdır ki, bu dövrdə neft hasilatı əhəmiyyətli dərəcədə artmış və keçən il 50 milyon tondan çox olmuşdur. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların strukturunun təhlili göstərir ki, 2007-ci ildən başlayaraq qeyri-neft sektoruna yatırılmış investisiyalar üstünlük təşkil edir. Təkcə 2009-cu ildə qeyri-neft sektoruna neft sektoru ilə müqayisədə 3 dəfə çox investisiya yatırılmışdır.
Ölkədə həyata keçirilən iqtisadi islahatların və uzaqgörənliklə müəyyənləşdirilən neft strategiyasının məntiqi nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı qlobal sarsıntılara qarşı dayanıqlıq nümayiş etdirmiş və beynəlxalq reytinq qurumları tərəfindən bir sıra inkişaf etmiş ölkələrin reytinqlərinin azaldılmasına baxmayaraq, nüfuzlu "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi açıqladığı son qiymətləndirməsində Azərbaycanın iqtisadi uğurlarını bir daha təsdiq etmişdir. Belə ki, "Fitch Ratings" Azərbaycanın suveren reytinqini investisiya səviyyəsinə ("BB+"dan "BBB-"dək) yüksəltmişdir ki, bu da ölkəmizin investisiyalar baxımından cəlbediciliyinin daha da artmasına və qeyri-neft sektorunun inkişafına daha çox sərmayələrin yönəldilməsinə öz müsbət təsirini göstərəcəkdir.

 

- Ölkəmizdə ümumi ixrac həcminin artdığını qeyd etdiniz. Məlum olduğu kimi, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalamışdır. Bu fərman idxal-ixrac əməliyyatları sahəsində hansı dəyişikliklərə səbəb olacaq?
- Qeyd edim ki, əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş tədbirlərin miqyasının daha da genişləndirilməsini zəruri edir. Bununla əlaqədar olaraq, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması, yeni xarici bazarların aşkar edilməsi və yerli sahibkarlara xaricə çıxmaq üçün əlavə şəraitin yaradılması ilə bağlı tapşırıqlar vermişdir. Dövlət başçısının "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2010-cu il 14 may tarixli fərmanı məhz verilmiş tapşırıqların konkret icra mexanizmi olaraq, idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsinə yönəlmişdir.
Fərmana uyğun olaraq, Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına edilmiş əlavə və dəyişikliklər xarici ticarət fəaliyyətinin daha da liberallaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və prosedurların asanlaşdırılması biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın davamlı inkişafına əlavə stimul yaradacaqdır.
Ölkənin uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin olunması baxımından xarici bazarlara, o cümlədən Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq. Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq".
Şübhəsiz ki, xarici bazarlar hesabına yerli istehsalın və buna uyğun olaraq onun ixracının artırılması iqtisadi artımın yeni mənbələrinin formalaşdırılmasını təmin edəcəkdir. Azərbaycan iqtisadi baxımdan keçid dövrünü artıq başa vurmuşdur. Haqqında danışdığımız dəyişikliklər həm də idxal-ixrac əməliyyatlarının bütövlükdə bazar prinsiplərinə, eləcə də beynəlxalq praktikaya uyğunlaşdırılması baxımından atılmış əhəmiyyətli addımdır.

- Bu fərmanla idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi baxımından hansı dəyişikliklər edilib?

- Bu istiqamətdə əsas dəyişiklik idxal-ixrac əməliyyatları zamanı təqdim olunan sənədlərin sayının azaldılmasıdır. Belə ki, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bir sıra sənədlərin təqdim olunması tələbinin aradan qaldırılması ilə yanaşı, əməliyyatlarla bağlı dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan müəssisələr istisna olmaqla, digər şəxslərə münasibətdə idxal-ixrac əməliyyatları müqavilələrinin qeydiyyatı tələbi də ləğv edilmişdir.
Eyni zamanda, bu dəyişikliklər nəticəsində ixracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların və xidmətlərin, o cümlədən əqli mülkiyyətin idxalı və ixracı zamanı müqavilələrin qeydiyyatı və ekspertizası tələbi də aradan qaldırılmışdır. Qeyd olunan dəyişikliyə əsasən, həmin malların idxalı və ya ixracı ilə məşğul olmaq istəyən şəxslər aidiyyəti dövlət orqanlarının rəylərini birbaşa gömrük orqanlarına təqdim etməlidirlər. Bu dəyişiklik çoxpilləliyin və vaxt itkisinin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.

- Cənab nazir, ixracda hesablaşma ilə bağlı prosedurların sadələşdirilməsi nəyi nəzərdə tutur?

- Hesablaşma ilə bağlı prosedurların sadələşdirilməsi yerli sahibkarlar tərəfindən mal və xidmətlərin ixrac imkanlarının daha da genişləndirilməsinə xidmət edir. Qeyd etdiyimiz dəyişikliklərə qədər mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən mal və xidmətlərin ixracı zamanı onların dəyərinin qabaqcadan ödənilməsi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların zəmanətinin təqdim edilməsi tələbi nəzərdə tutulurdu.
Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr istisna olmaqla, digər hüquqi və fiziki şəxslər tərəfindən mal və xidmətlərin ixracı zamanı bu məcburi tələb aradan qaldırılmışdır.

 

- Azərbaycanın qeyri-neft məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində daha hansı konkret işlər görülür?

- İlk növbədə qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Bundan əlavə, sahibkarlığın inkişafına təkan verən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının 2014-cü ilədək torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, "Aqrolizinq" ASC vasitəsilə güzəştli şərtlərlə gübrə və kənd təsərrüfatı texnikasının təmin edilməsi, xüsusi iqtisadi zonaların, tənzimləmə və inzibati prosedurları sadələşdirməklə, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə istehsalın genişlənməsində, ixrac imkanlarının artmasında xüsusi əhəmiyyətə malikdir.
Bununla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ixracyönümlü layihələr maliyyələşdirilir. Burada regionlarımızda inşa edilən soyuducu və taxıl anbarlarının əhəmiyyətini vurğulamaq istəyirəm. Keçən ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə regionlarda taxıl və soyuducu anbar komplekslərinin tikintisinin güzəştli qaydada maliyyələşdirilməsi həyata keçirilir. Bu komplekslərin yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin artırılmasına, kənd təsərrüfatının intensiv inkişafına, məhsul itkisinin qarşısının alınmasına, daxili bazarın qorunmasına, istehlakçıların hüquqlarının müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə və ixrac potensialının artırılmasına təkan verməklə, ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verəcəkdir. Belə ki, kənd təsərrüfatı məhsullarının ixrac potensialından səmərəli istifadə baxımından bir məhsulun istehsalı qədər, onun müvafiq saxlama şəraiti ilə təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılması və məhsulun istehsal mövsümündə ucuz qiymətlə ixrac edilməsi əvəzinə onun müəyyən müddət saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır.
Bununla yanaşı, ölkəmizin ümumiləşdirilmiş preferensiyalar sisteminə (GSP) qoşulması sahibkarların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından atılmış ciddi addım kimi qiymətləndirilməlidir. Bildiyiniz kimi, ölkəmiz Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və Amerika Birləşmiş Ştatlarının GSP, Avropa Birliyinin isə GSP+ proqramlarından istifadə etmək və öz məhsullarını həmin ölkələrin bazarlarına güzəştli şərtlərlə ixrac etmək hüququna malikdir. Belə ki, GSP-nin üstünlüklərini daha yaxşı ifadə etmək baxımından qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası sadəcə 2008-ci ilin dekabr ayında ABŞ-ın GSP proqramına qoşulmaqla 3473, Avropa Birliyinin GSP+ proqramına qoşulmaqla isə 7200-ə yaxın mal mövqeyi üzrə həmin ölkələrə güzəştli ixrac imkanı əldə etmişdir.
Sahibkarlarımızın əldə edilən bu imkanlardan daha səmərəli istifadə etməsini təmin etmək məqsədilə Bakı şəhəri və regionlarda GSP sistemi çərçivəsində ixrac imkanları mövzusunda məlumatlandırıcı seminarlar təşkil olunmuş, sistemdən istifadə imkanlarına dair İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsinə geniş məlumat bazası yerləşdirilmişdir. Həmçinin, GSP sistemindən istifadə imkanları, beynəlxalq ticarətdə alqı-satqı müqavilələri, çatdırılma şərtləri, daşınma və logistika mövzuları üzrə treninq-seminarların keçirilməsi, ixrac məqsədli sertifikatlaşdırma prosedurlarının təkmilləşdirilməsi, biznes forumların təşkili və digər tədbirlərin daha intensiv şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

 

- Ümumilikdə ölkəmizdə istehsal olunan məhsulların keyfiyyət baxımından ixrac bazarlarında rəqabətqabiliyyətliliyini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının daha da artırılması Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir. Bu gün Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkələrinə ixrac edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu, eyni zamanda dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir. Çünki istehsal olunan məhsulların yüksək keyfiyyətli olması həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətini artırdığı kimi, istehlakçılarımızın da keyfiyyətli məhsul istehlak etmək hüququnun təmin olunması deməkdir.
Ona görə də, daxili bazarın haqsız rəqabətdən qorunması, idxal malların müvafiq keyfiyyət standartlarına uyğunluğuna nəzarətin gücləndirilməsi və istehlakçılarımızın hüquqlarının təmin edilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində işlər aparılır. İxrac bazarlarında rəqabətqabiliyyətlilik baxımından qablaşdırma, etiketləmə də böyük əhəmiyyətə malikdir və xüsusi diqqət mərkəzindədir. Ümumilikdə qeyd etmək istəyirəm ki, göstərilən işlər Azərbaycanın qeyri-neft ixrac potensialının reallaşmasında əhəmiyyətli rol oynamaqdadır. Qeyri-neft məhsullarının ixracına dair yuxarıda sadalanan faktlar bunu bir daha təsdiq edir.
Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidentinin böyük diqqət və qayğısı, ixracın stimullaşdırılması sahəsində qəbul etdiyi qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi Azərbaycanın ixrac imkanlarını artıracaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək, Azərbaycan mənşəli mal və xidmətlər dünya bazarlarında daha geniş çeşiddə təmsil olunacaqdır. 

 

"Azərbaycan" qəzeti
03.06.2010

 

← Geriyə