Çıxışlar və müsahibələr

  • Yenilənib 04.05.2015 06:50
  • Yaradılıb 02.05.2015 07:25

Hörmətli cənab Nakao!
Hörmətli konfrans iştirakçıları!
Xanımlar və Cənablar!
Hamınızı böyük məmnuniyyətlə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən "Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru" konfransında salamlayır və dəvətimizi qəbul edib bu tədbirə qatıldığınıza görə təşəkkür edirəm.
Eyni zamanda, konfransın təşkilində göstərdikləri dəstəyə görə Asiya İnkişaf Bankına və Maliyyə Nazirliyinə minnətdarlığımı bildirirəm.
Bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsi və bu çərçivədə bugünkü konfrans da daxil olmaqla təşkil olunan müxtəlif tədbirlərə 3 minədək iştirakçının qatılması Azərbaycanın Asiya İnkişaf Bankı ilə çoxillik səmərəli əməkdaşlığının məntiqi nəticəsidir.
Bu, həm də Azərbaycanın dünyada və regionda günü-gündən artan nüfuzundan, beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, investorların bizim ölkəyə olan böyük marağından irəli gəlir.

Hörmətli konfrans iştirakçıları! Cəmi 24 il öncə müstəqilliyini bərpa etmiş Az-n tarix baxımından bu qısa müddət ərzində sürətli iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
Ötən illər ərzində Az-n BMT təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilmiş, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmiş, İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi etmiş, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların müntəzəm olaraq keçirildiyi bir məkan olmuşdur.
Bu il də ölkəmiz bu toplantı ilə yanaşı, ilk Avropa oyunlarına, sonrakı illərdə isə digər mötəbər tədbirlərə ev sahibliyi edəcəkdir.

Hörmətli konfrans iştirakçıları! Azərbaycanın bugünkü iqtisadi inkişaf səviyyəsi isə Prezident İ.Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfədən çox, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artmışdır.
Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxunu təşkil edir.
Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaratmışdır.
10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi cəmi 4,9% təşkil etmişdir.
Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur.

Son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılmışdır.
Əsas agentliklər- "Fitch Ratings", "Standart & Poor's" və "Moody's" hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi vermişlər.
"Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir.
Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə "aşağı orta gəlirli" ölkələr qrupundan "yuxarı orta gəlirli" ölkələr qrupuna, İnsan İnkişafı hesabatında "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlmişdir.
Sual oluna bilər: Qısa zaman ərzində Azərbaycanın bu böyük uğurlarını hansı amillər şərtləndirmişdir?
İlk növbədə ən mühüm amillərdən biri Azərbaycanın siyasi cəhətdən sabit ölkə olmasıdır.
Hələ 1918-ci ildə şərqdə ilk demokratik respublika qurmuş xalqımız 100 illik demokratik ənənələrə malikdir və bu gün də həmin ənənələrə sadiq qalır, vətəndaşların hüquq və azadlıqları dövlət tərəfindən tam təmin olunur, ölkəmiz milli, dini və irqi tolerantlığı ilə seçilir.
Azərbaycanda siyasi kataklizmlər mövcud deyil, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmir, onların hüquqları etibarlı qorunur.
Digər mühüm amil makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət tədbirləridir.
Nəticədə son illərdə büdcə kəsiri ÜDM-nin 1%-dən çox olmamış, ölkənin xarici borcu ÜDM-nin 8,6 %-i səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir.
Azərbaycanın iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malikdir.
Qeyri-neft iqtisadiyyatı son 10 ildə 2,5 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37%-dən 68%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir.
Enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 5,3%, o cümlədən qeyri–neft sektoru 7% artmışdır.
Bu nəticələr iqtisadiyyatın diversifikasiyası ilə bağlı müəyyən edilən vəzifələrin uğurla yerinə yetirildiyini göstərir.
Ən mühüm amillərdən biri müasir tələblərə cavab verən infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdir.
Enerji, qaz və su təchizatı, yol-nəqliyyat, sosial obyektlərin inşası və digər sahələrdə həyata keçirilən infrastruktur layihələri iqtisadiyyatın tarazlı inkişafına, eləcə də əhalinin həyat səviyyəsinin yüksəlməsinə öz əhəmiyyətli töhfəsini verir.
Digər tərəfdən, bu layihələr, o cümlədən şərq-qərb və şimal-cənub istiqamətlərində magistral yolların yenidən qurulması əlverişli mövqeyə malik olan ölkəmizin tranzit potensialından səmərəli istifadəyə şərait yaradır, Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir.
Məsələn, "Dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə, sərnişin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınması imkanı əldə ediləcəkdir.
Bir çox infrastruktur layihələrinin həyata keçirilməsində biz nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edirik.
Bu günə kimi Bank tərəfindən Azərbaycana 12 layihə üzrə 1.64 mlrd.$ məbləğində ayrılmış kreditlər avtomobil yolları, su təchizatı və kanalizasiya, enerji təchizatı, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Eyni zamanda Bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 mln. $ məbləğində qrant vəsaiti ayırmışdır.
Biz bank tərəfindən özəl sektora verilən dəstəyi yüksək qiymətləndiririk və bu sahəyə bu günədək ayrılmış kreditlərin məbləği 163 mln.dollar təşkil etmişdir.
Həyata keçirdiyimiz müştərək layihələrdə maliyyə dəstəyi ilə yanaşı qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, nəzarət və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi bizim üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz həmçinin Bankın CAREC Proqramında fəal iştirak edir. 2008 və 2011-ci illərdə Proqrama Azərbaycan Respublikası sədrlik etmiş, 2011-ci ildə Bakıda keçirilmiş 10-cu Nazirlər Konfransında "CAREC 2020" Strateji Çərçivə Sənədi qəbul edilmişdir.
Davamlı inkişafı təmin edən və iqtisadiyyatın diversifikasiyasını sürətləndirən amillərdən biri əlbəttə ki, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühitidir.
Bu gün Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.
Dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır.
Ümumilikdə, hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır.
Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 mlrd.dollar olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır.
Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlətin dəstəyi sahibkarlığın inkişafına təkan vermiş, orta sahibkar təbəqəsi formalaşmış, ÜDM-də özəl sektorun payı 82%-ə çatmışdır.
Növbəti amil ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsi ilə şərtlənir.
Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Belə ki, 1994-cü ildə böyük neft yataqlarının işlənməsinə dair dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin kontraktı"adlandırılan sazişin imzlanması, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan neftinin Aralıq dınizinə ixracı mümkün olmuşdur.
Bu strategiyanın davamı olaraq, 2007-ci ildə Azərbaycan qazının Avropaya ixracı üçün birnci mərhələ olan Türkiyənin Ərzrum şəhərinədək Cənub qaz kəməri inşa olunmuşdur.
Ötən il isə Şahdəniz-2 qaz yatağı üzrə yeni əsrin kontraktı adlandırılan investisiya sazişinin imzalanması, habelə bu qazın Türkiyə, Yunanıstan və Albaniyanın ərazilərindən keçməklə İtaliyaya ixracını təmin edəcək Cənub Qaz Dəhlizinin təməlinin qoyulması yaxın illərdə Azərbaycanı dünyanın iri təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Azərbaycanın son 10 ildə xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixracı 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artmış, 150-ə yaxın ölkə ilə ticarət əlaqələri qurulmuşdur.
Azərbaycan dövlətinin başlıca hədəfi insan kapitalının inkişafıdır və son illərdə bununla bağlı çox əhəmiyyətli işlər görülmüdür.
Məsələn, son 10 il ərzində 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilmiş, 40-dan artıq olimpiya idman kompleksi istismara verilmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə müvafiq Dövlət Proqramı qəbul edilmişdir.
Bu proqrama əsasən 2007-2014-cü illər ərzində 3000-dən artıq gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə, dünyanın 33 ölkəsinin aparıcı alı təhsil müəssisələrinə təhsil almağa göndərilmişdir.

Hörmətli konfrans iştirakçıları!
"Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası"nda yaxın illərdə ölkənin əsas inkişaf istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması sahəsində innovasiya fəaliyyətinin genişləndirilməsi üçün müvafiq qanunvericilik bazasının və zəruri mexanizmlərin yaradılması davam etdiriləcəkdir.
Bunun üçün həlledici şərtlərdən biri kimi çıxış edən insan kapitalının davamlı olaraq inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olaraq qalacaqdır.
Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Konsepsiyada nəzərdə tutulmuş vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.
Hörmətli konfrans iştirakçıları!
Yekunda əmin olduğumu bildirmək istərdim ki, Azərbaycan üçün olduqca aktual mövzuya həsr olunmuş bu konfrans maraqlı çıxışlar və məhsuldar müzakirələrlə zəngin olacaqdır.
Bir daha hamınızı salamlayır, konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram.

 

← Geriyə