2013-cü ilin yanvar-mart aylarında aqrar sahənin inkişafı barədə
2013-cü ilin yanvar-mart aylarında 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 6.5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 4.3 faiz artmış və faktiki qiymətlərlə dəyəri 528.9 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş bütün vəsaitin 4.7 faizi kənd təsərrüfatına sərf edilmişdir.
Ölkədə yazlıq bitkilərin kütləvi əkininə başlanmışdır. Aprelin 1-i vəziyyətinə 112.0 min hektar və keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.1 faiz çox sahədə yazlıq bitkilər əkilmişdir. Mövsümün əvvəlindən 11.1 min hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı da daxil olmaqla), 29.4 min hektarda kartof, 24,2 min hektarda tərəvəz bitkiləri, 3.5 min hektarda ərzaq üçün bostan bitkiləri, 40.4 min hektarda çoxillik otlar, 1.7 min hektarda şəkər çuğunduru (emal üçün), 1.3 min hektarda dən üçün günəbaxan əkilmişdir.
Hesabat dövründə təsərrüfatlarda 10.8 min ton və yaxud keçən ildəkindən 13.0 faiz çox istixana və faraş tərəvəz məhsulları istehsal edilmişdir.
Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkə üzrə 2721.8 min baş mal-qara, o cümlədən 1306.5 min baş inək və camış, 8851.3 min baş qoyun və keçi mövcud olmuşdur.
2013-cü ilin birinci rübündə diri çəkidə 104.6 min ton ət, 394.5 min ton süd, 326.8 milyon ədəd yumurta istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.5 faiz, süd istehsalı 5.4 faiz, yumurta istehsalı 14.3 faiz artmışdır.
Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 12.3 min ton quş (keçən ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz çox) satılmış və 127.7 milyon ədəd yumurta (42.4 faiz çox) istehsal edilmişdir.