İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin

2016-cı il ________________ tarixli ________

nömrəli əmri ilə təsdiq edilmişdir .

 

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ BAĞLI
KARGÜZARLIĞIN APARILMASI
QAYDASI

 

I. Ümumi müddəalar

1. Vətəndaşların müraciətləri ilə bağlı iş – İqtisadiyyat Nazirliyinin aparatının bölmələrinin, digər strukturlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması istiqamətində göstərdikləri məqsədyönlü fəaliyyətdən ibarətdir.

2. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun), Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”na, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2014-cü il tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

3. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq işinin aparılmasına təşkilati-metodiki və əməli rəhbərlik və Qaydanın tələblərinə əməl edilməsinə Nazirliyin aparatı üzrə cari nəzarət, eləcə də Nazirliyin strukturlarının (Nazirliyin aparatı istisna olmaqla), strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxsləri (bundan sonra – tabe qurumlar) üzrə isə ümumi nəzarət Nazirliyin aparatının Ümumi şöbəsi tərəfindən həyata keçirilir.

Tabe qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq işinin aparılmasına bilavasitə təşkilati-metodiki və əməli rəhbərlik və müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə cari nəzarət həmin qurumların müvafiq struktur vahidi - kargüzarlıq xidməti, yaxud bu işin aparılmasına məsul edilmiş vəzifəli şəxs tərəfindən həyata keçirilir.

4. Qayda Nazirliyin aparatına daxil olmuş vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin (bundan sonra - vətəndaşlar) təklif, ərizə və şikayətlərinin (bundan sonra – müraciətlər) qəbulu, qeydiyyata alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılmasını tənzimləyir.

5. Qaydanın müddəaları vətəndaşların Qanunun 5.2-5.7-ci maddələrində göstərilən müraciətlərinə şamil edilmir.

6. Vətəndaşlar tərəfindən Nazirliyin 195-2 “Çağrı Mərkəzi” vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və cavablandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq həyata keçirilir.

7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Qaydanın müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir.

8. Nazirliyin aparatında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci fəslinin və Qaydanın tələbləri nəzərə alınmaqla Elektron İdarəetmə Sistemi vasitəsilə elektron formada aparılır.

9. Nazirliyə və ya vəzifəli şəxslərinə Nazirliyin və ya vəzifəli şəxslərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə bağlı tənqidlə, yaxud hüquq, azadlıq və qanuni maraqlarının, habelə başqalarının hüquq, azadlıq və qanuni maraqlarının bərpası və ya müdafiəsi məqsədi ilə müraciət etmiş vətəndaşların təqib edilməsi qadağandır.

10. Vətəndaşların müraciətlərinə baxılarkən müraciətdə göstərilən, xüsusilə vətəndaşın ailə və şəxsi həyatına aid məlumatların vətəndaşın razılığı olmadan yayılmasına yol verilmir. Müraciətin baxılmaq üçün aidiyyəti üzrə digər təşkilat(lar)a göndərilməsi məlumatın yayılması hesab edilmir.

11. Nazirlikdə vətəndaşların müraciətləri ilə iş aşkarlıq və şəffaflıq prinsipinə əsaslanır. Nazirliyin faktiki ünvanı, qaynar xətti, rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki haqqında məlumatlar inzibati binanın girişində, gözlə asan görünən yerdə və Nazirliyin saytında yerləşdirilməlidir.

II. İstifadə olunan əsas anlayışlar

 

12. Qaydada istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

12.1. Nazirlik – İqtisadiyyat Nazirliyinin aparatı, digər strukturları, strukturuna daxil olmayan tabeliyindəki qurumları, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslər;

12.2. Müraciət edən şəxs – fiziki və hüquqi şəxs;

12.3. Müraciət – Nazirliyə və ya onun vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;

12.4. Müraciətə baxan vəzifəli şəxs – Nazirlikdə müraciətə baxan subyektin rəhbəri, inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs;

12.5. Təklif – qanunların və digər normativ-hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətlərinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;

12.6. Ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

12.7. Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

12.8. Şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı edilən müraciət;

12.9. Yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

12.10. Elektron müraciət – Nazirlikdə müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil olan müraciət;

12.11. Kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

12.12. Təkrar xarakterli müraciət – müraciətin Qayda ilə müəyyən edilmiş baxılma müddəti bitdikdə və ya həmin müraciət cavablandırıldıqda və bu cavabdan razı qalmadığı hallarda eyni şəxsin eyni məsələ ilə bağlı Nazirliyə daxil olmuş növbəti müraciəti;

12.13. Eyni xarakterli müraciət – ilk müraciətinin Qayda ilə müəyyən edilmiş icra müddəti bitmədən və həmin müraciətinə cavab almadan eyni şəxsin eyni məsələyə dair müxtəlif təşkilatlardan və ya birbaşa Nazirliyə daxil olmuş növbəti müraciəti;

12.14. Anonim müraciət – Nazirlikdə müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət (imza tələbi elektron müraciətlərdə istisna olunur);

12.15. Təcili icra edilən müraciət – icra müddəti 5 iş günü və ya daha az müddətdən ibarət olan, o cümlədən üzərinə “Təcili” qeydi (ştampı) vurulan müraciət;

12.16. Nəzarətə alınan müraciət – yuxarı dövlət orqanından baxılmanın nəticəsi barədə məlumat vermək tələbi ilə Nazirliyə daxil olan, yaxud müraciətdə göstərilən informasiyanın mühümlüyü nəzərə alınaraq, dərkənar müəllifinin müvafiq tapşırığına əsasən nəzarətə götürülən və üzərinə “Nəzarətdədir” qeydi (ştampı) vurulan müraciət;

12.17. Kargüzarlıq xidməti – Nazirliyin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətini yerinə yetirən struktur bölməsi;

12.18. Elektron İdarəetmə Sistemi – mövcud iş proseslərini, o cümlədən sənəd dövriyyəsinin elektron qaydada idarə edilməsi, eləcə də vətəndaş müraciətlərinin qeydiyyatı, baxılması, cavablandırılması, axtarışı, icrasına nəzarətin təmin edilməsi, müvafiq arayış və hesabatların hazırlanması imkanlarını özündə birləşdirən vahid elektron informasiya sistemi.

III. Vətəndaşların yazılı müraciətlərinin qəbulu və qeydiyyatı

13. Nazirliyə daxil olmuş vətəndaşların Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən bütün yazılı müraciətləri (xarici dildə, habelə sekoqram formasında daxil olan və tərcümə edilməsinə zərurət yaranan müraciətlər istisna olmaqla) həmin gün qeydiyyata alınmalıdır.

14. Vətəndaşların şəxsən təqdim etdikləri yazılı müraciətlərlə kargüzarlıq xidmətinin əməkdaşı dərhal tanış olmalıdır. Məsələnin həlli digər dövlət və bələdiyyə orqanlarının, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – digər təşkilatlar) səlahiyyətlərinə aid olduqda, şifahi qaydada hara müraciət etməyin qaydaları izah edilməlidir.

15. Nazirliyin aparatının yerləşdiyi binanın əsas girişində, vətəndaşlar üçün əlverişli yerdə yazılı müraciətlərin qəbul edilməsi üçün qutu yerləşdirilməlidir. Qutudan məktublar gündə 3 dəfədən az olmamaq şərti ilə götürülərək qeydiyyata alınmalıdır.

16. Poçt göndərişi (zərf) açılmazdan əvvəl onun göndərildiyi ünvanın düzgünlüyü kargüzarlıq xidmətinin əməkdaşları tərəfindən yoxlanılmalıdır. Düzgün ünvana göndərilməyən zərflər açılmadan həmin gün, bu mümkün olmadıqda növbəti iş günü poçt xidmətinə geri qaytarılır.

17. Zərf açıldıqdan sonra onun içində məktub və əlavələrin mövcudluğu yoxlanılır. Yazılı müraciətin üzərində ünvan göstərilmişdirsə və bu, zərfin üzərində göstərilən ünvanla eynidirsə, zərfin saxlanılması vacib hesab edilmir. Müraciətdə ünvan göstərilmədikdə zərf müraciətə əlavə edilir və müvafiq qaydada baxıldıqdan sonra müraciətlə birlikdə iş qovluqlarına tikilir.

Müraciətdə göstərilən ünvanla zərfdə göstərilən ünvan arasında uyğunsuzluq olduqda, cavab məktubu müraciətdə göstərilən ünvana göndərilməlidir. Əgər vətəndaşa göndərilən cavab məktubu geri qayıdarsa, bu zaman Qaydanın 88-ci bəndində göstərilən müvafiq tədbirlər görülməlidir.

18. Əgər zərfdə yazılı müraciətlərə əlavə olunan sənədlərin tam olmadığı və yaxud korlandığı aşkar edilərsə, bu cür müraciətlər Elektron İdarəetmə Sistemində (bundan sonra – EİS) müvafiq sahədə qeyd aparılmaqla və ya kargüzarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilməklə qeydə alınır və müraciətdə göstərilən əlaqə məlumatlarından istifadə etməklə müraciət edən şəxs ən geci 3 iş günü müddətində məlumatlandırılır.

19. Müraciətə qoşma edilmiş orijinal əlavələrin (mülkiyyət hüququ yaradan sənədlər, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.) surətləri məktuba əlavə olunduqdan sonra, həmin orijinal sənədlər cavab məktubuna əlavə edilməklə, yaxud sənədin icraçısı tərəfindən vətəndaşın dəvət edilməsi yolu ilə şəxsən təqdim edilməklə geri qaytarılmalıdır. Orijinal sənədlərin şəxsən vətəndaşa geri qaytarılması təhvil-təslim aktının tərtib edilməsi vasitəsilə həyata keçirilir.

20. Müraciət qeydiyyata alınan zaman onun üzərinə ştrix-kod qoyularaq kağız üzərində qeyd edilmiş məlumatları elektron formata çevirən qurğu (skaner) vasitəsilə EİS-ə daxil edilir, avtomatik qeydiyyat nömrəsi və tarix verilir, dərkənarın qoyulması üçün rəhbərliyə təqdim olunur, rəhbərliyin müvafiq dərkənarına uyğun olaraq icra məqsədilə aidiyyəti struktur bölməyə (quruma) göndərilir.

21. Qeydiyyat işi tamamlandıqdan sonra sənədin üzərinə EİS tərəfindən avtomatik verilən daxilolma nömrəsi və tarixi qeyd olunur.

22. Vətəndaşlardan daxil olan müraciətlərdə fiziki şəxs olduqda ad, soyad, ünvan (yaxud işlədiyi yer), hüquqi şəxs olduqda isə hüquqi şəxsin adı və ünvanı göstərilməli və onlar imzalanmalıdır (elektron müraciətlər istisna olmaqla). Şəxsən təqdim edilən və ya poçt xidməti vasitəsilə daxil olan informasiya sorğularında isə istənilən əlaqə rekvizitlərindən birinin olması və sorğunun imzalanması onun qeydiyyata alınması üçün əsasdır.

23. Xarici dildə, habelə sekoqram formasında daxil olan müraciətlərdə müraciət edənə dair məlumatları əldə etmək mümkün olduqda belə müraciət qeydiyyata alındıqdan sonra, müraciət edənə dair məlumatların əldə edilməsi mümkün olmadıqda isə qeydiyyata almazdan əvvəl bu işin həvalə edildiyi müvafiq struktur vahid, yaxud vəzifəli şəxs tərəfindən ən geci 3 iş günü müddətində tərcümə olunması təmin edilməlidir (müraciətlərin əlavəsi istisna olmaqla).

24. Qeydiyyat nömrəsi müraciət edən şəxsin soyadının baş hərfindən və daxil olmuş müraciətin sıra nömrəsindən ibarətdir. Qeydiyyat nömrəsi hər bir hərf üzrə hər təqvim ili üçün 1 rəqəmi ilə başlayır. Məsələn:

 

Mövsümova Ülviyyədən daxil olan müraciətə İN-D/O-M-1/2016, Rəhimov Nicatdan daxil olan müraciətə İN-D/O-R-1/2016 daxilolma nömrələri verilir.

 

25. Nazirliyin aparatına daxil olan vətəndaş müraciəti qeydiyyata alınarkən Qaydanın 28 və 29-cu bəndlərində göstərilmiş və axtarış, təhlil və hesabatların hazırlanması üçün zəruri hesab edilən məlumatlar EİS-ə daxil edilməlidir.

26. EİS-də müraciətə qeydiyyat nömrəsinin verilməsi Qaydanın 28.3-28.12 və 29-cu bəndlərində göstərilən məlumatlar daxil edildikdən sonra avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Vətəndaşların müraciətlərinin saxlanılmasını, təhlilini, axtarışını və sistemləşdirilməsini asanlaşdırmaq məqsədilə kargüzarlıq xidməti daxilolma nömrəsinə digər işarələr əlavə edə bilər.

27. EİS vətəndaş müraciətləri ilə bağlı daxil edilmiş məlumatların ən azı 3 il müddətində etibarlı qorunmasını və müraciətlərin qeydiyyata alınarkən təkrarlığının və eyniliyinin yoxlanılmasını təmin etməlidir.

28. Nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin qeydiyyatı zamanı EİS-in kargüzarlıq modulunun “Vətəndaşların yazılı müraciətləri” alt modulunda reyestrə daxil edilən rekvizitlər aşağıdakılardır:

28.1. Qeydiyyat nömrəsi (EİS-də avtomatik olaraq verilir);

28.2. Qeydiyyat tarixi (EİS-də avtomatik olaraq verilir);

28.3. Məktubda göstərilən və müəllifə aid olan ad, soyad, digər inisial və rekvizitlər;

28.4. Müraciətin qısa məzmunu;

28.5. Müraciətin “təcili”, “eyni” və ya “təkrar” olması ilə bağlı məlumatlar;

28.6. Müraciətin ərizə, təklif, şikayət olması haqqında qeyd;

28.7. Müraciət və onun əlavələrində vərəqlərin sayı;

28.8. Dərkənar layihəsi və dərkənar müəllifi;

28.9. Müraciət nəzarətə götürüldüyü halda, müvafiq qeyd;

28.10. İcraçı struktur bölmə və vəzifəli şəxsin adı və soyadı;

28.11. Müraciətə baxılmasının icra müddəti;

28.12. Digər təhlil və analiz indikatorları.

29. Müşayiət məktubu ilə daxil olan vətəndaş müraciətlərinin qeydiyyatı zamanı əsas vətəndaşın müraciəti götürülür. Eyni zamanda, müşayiət məktubunu göndərən təşkilat və onu imzalayan vəzifəli şəxs, müşayiət məktubunun nömrəsi və tarixi ilə bağlı və digər məlumatlar EİS-ə daxil edilir.

30. Müraciətin qısa məzmunu və baxılmanın nəticəsi ilə bağlı məlumatlar qısa və informativ xarakterli olmalıdır.

31. Yuxarı dövlət hakimiyyəti orqanlarından, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından müşayiət məktubu ilə nəzarət qaydasında daxil olan və ya nəticəsi barədə həmin orqanlara məlumat verilməsi istənilən vətəndaş müraciətinə müşayiət məktubunda göstərilən müddətə, bu olmadıqda Qayda ilə müəyyən edilmiş icra müddətinə uyğun icra müddəti qoyulur.

32. Kollektivlərdən - iki və daha artıq şəxsin imzası ilə daxil olan müraciətlər ümumi qaydada, lakin “Kol” (“Kollektiv” sözünün ixtisarı) rekviziti ilə ardıcıl nömrələnməklə (məs. İN-D/O-Kol-1/2016, 05.05.2016-cı il; İN-D/O-Kol-2/2016, 08.05.2016-cı il və s.) qeydiyyata alınmalı və müraciət edənlərin (müraciəti imzalayanların) ümumi sayı göstərilməlidir. Bu zaman müraciətdə göstərilən ilk üç vətəndaş, yaxud cavab məktubunun göndərilməsi xahiş olunan şəxs və siyahıda göstərilən daha iki şəxs barədə məlumatlar EİS-ə daxil edilir.

33. Bir təqvim ilində daxil olmuş təkrar və eyni xarakterli müraciətlər ilk müraciətin nömrəsinə kəsr işarəsi və müraciətin sayının nömrəsi qoyulmaqla qeydiyyata alınır. Məsələn:

Məmmədova Həyatdan daxil olan üç təkrar müraciətə İN-D/O-M-98/2016, İN-D/O-M-98/2016/2, İN-D/O-M-98/2016/3 daxilolma nömrələri verilir

Həsənov Rəşaddan daxil olan iki eyni müraciətə İN-D/O-H-41/2016, İN-D/O-H-41/2016/2 daxilolma nömrələri verilir.

34. Eyni vətəndaşın Qanunun 6.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş və ya göndərilmiş eyniməzmunlu yazılı müraciətləri eyni tarixdə daxil olduqda, onlara eyni daxilolma nömrəsi verilir və digər müraciətlər ilk daxil olan müraciətə əlavə edilir.

35. Eyni xarakterli müraciətlər qeydiyyata alınarkən EİS-in “Vətəndaşların yazılı müraciətləri” alt modulunda “Eyni” sahəsi qeyd edilir və həmin müraciət ilkin müraciətlə əlaqələndirilir. Həmçinin “Əvvəlki müraciətlər” sahəsində həmin vətəndaşın məsələ ilə bağlı bütün əvvəlki müraciətlərinin nömrə və tarixləri göstərilməlidir. Məsələn:

İsmixanova Çiçəkdən daxil olan İN-D/O-İ-98/2016/2 ... İN-D/O-İ-98/2016/5 nömrəli eyni müraciətləri İN-D/O-İ-98/2016 nömrəli ilk müraciəti ilə əlaqələndirilməlidir.

36. Vətəndaşın müxtəlif ünvanlara göndərdiyi və müxtəlif tarixlərdə Nazirliyə daxil olmuş eyni müraciətlərin hər birinə ayrı-ayrılıqda icra müddətləri qoyulur.

37. Təkrar xarakterli müraciətlər də qeydiyyata alınarkən EİS-in “Vətəndaşların yazılı müraciətləri”” alt modulunda “Təkrar” sahəsi qeyd edilir və həmin müraciət ilkin müraciətlə əlaqələndirilir. Həmçinin “Əvvəlki müraciətlər” sahəsində həmin vətəndaşın məsələ ilə bağlı bütün əvvəlki müraciətlərinin nömrə və tarixləri göstərilməlidir. Məsələn:

Kərimova Nisədən daxil olan İN-D/O-M-17/2016/2 ... İN-D/O-M-17/2016/7 nömrəli təkrar müraciətlər İN-D/O-K-17/2016 nömrəli ilk müraciəti ilə əlaqələndirilməlidir.

38. Eyni müəllifdən müxtəlif məsələlərlə bağlı daxil olan müraciətlər təkrar müraciət hesab olunmur.

39. Anonim müraciətlərin EİS-də uçotu aparılır və “AN” indeksi ilə ardıcıllıqla nömrələnir (məs. İN-D/O-AN-18/2016, 05.05.2016-cı il, İN-D/O-AN-19/2016, 25.05.2016-cı il). Bu zaman məlumat bazasına mümkün olan məlumatlar (bir sıra anonim müraciətlərdə ünvan olmur və s.) və müraciətin qısa məzmunu daxil edilir. Həmin müraciətlər Nazirlikdə aparatın kargüzarlıq xidmətinin rəhbərinə müvafiq tapşırıq mətninin qoyulması üçün təqdim edilir. Anonim müraciətlərə “Anonim müraciətlərlə birlikdə işə tikin” göstərişi verilir və kargüzarlıq xidmətinin müvafiq əməkdaşına geri qaytarılır. Anonim müraciətlərə baxılmır.

Törədilmiş və ya hazırlanan cinayət əməli, terror və ya digər ictimai pozuntu yarada biləcək hadisələrlə bağlı daxil olmuş anonim müraciətlər göstərilən məsələnin xüsusi əhəmiyyəti nəzərə alınaraq, əməliyyat-axtarış qaydasında istifadə edilməsi üçün Qaydanın 60.1-ci bəndində göstərilən qaydada (yaxud xüsusi təcililiyi nəzərə alınaraq digər operativ vasitələrlə) müvafiq dövlət hakimiyyəti orqan(lar)ına göndərilə bilər.

40. Nazirliyin rəsmi internet saytı vasitəsilə elektron müraciətləri qəbul etmək üçün müəllifin inisial və əlaqə rekvizitlərinin mütləq göstərilməsini təmin edən xüsusi proqram təminatı tətbiq edilir. Vətəndaşların elektron müraciətləri qeydiyyata alınır və rəhbərliyin müvafiq dərkənarına əsasən icra üçün təqdim edilir.

41. Nazirliyə daxil olmuş vətəndaş müraciətinin EİS vasitəsilə qeydiyyatı tamamlandıqdan və sənədin elektron surəti dövriyyəyə buraxıldıqdan sonra əsli kargüzarlıq xidmətində müvafiq qovluğa yerləşdirilir.

42. Nazirliyin vəzifəli şəxslərinin ünvanına daxil olan adlı sənədlər, bir qayda olaraq, həmin vəzifəli şəxslərə təqdim edilir.

 

IV. Vətəndaşların yazılı müraciətlərinə baxılması işinin təşkili

 

43. Nazirliyə daxil olan yazılı müraciət qeydiyyata alındığı gün icraçının və icra müddətinin müəyyən edilməsi və müvafiq tapşırığın verilməsi məqsədilə kargüzarlıq xidməti tərəfindən rəhbərliyə təqdim edilir. Zəruri hallarda rəhbər vəzifəli şəxs müraciətdə göstərilənlərin yerində araşdırılması, müraciətin nəzarətə götürülməsi və müraciəti araşdırarkən qanunvericiliklə müəyyən edilmiş icra müddətinin azaldılması ilə bağlı qərar qəbul edə bilər.

44. Nazirliyə daxil olmuş müraciətdə qaldırılan məsələnin həlli Nazirliyin tabe qurumunun səlahiyyətinə aid olduqda, müraciət qanunvericiliyə uyğun olaraq mərkəzləşdirilmiş şəkildə qeydiyyata alınır və icra məqsədilə aidiyyəti üzrə tabe quruma göndərilir. Bu zaman:

44.1. Müraciətdə göstərilən məsələlərin əhəmiyyəti nəzərə alınaraq, dərkənar mətnində Nazirliyə məlumat verilməsi tələb olunduqda (nəzarətə alınmadan) göstərilmiş icra müddəti ərzində müraciətə baxılmanın nəticəsi haqqında Nazirliyin aparatına xidməti məruzə ilə məlumat verilməlidir və bu məruzə dərkənar müəllifinə edilməyə də bilər. Təqdim olunan məlumat müvafiq dərkənar göstərişinin verilməsi üçün əsas olmuş məsələləri tam əhatə etməli və müraciətə baxılma ilə əlaqədar toplanılmış bütün törəmə sənədlərin və cavab məktubunun surətləri ona əlavə edilməlidir.

44.2. Nazirliyin aparatı tərəfindən nəzarətə alınaraq tabe quruma göndərilən və yaxud tabe qurumda nəzarətə alınan müraciətlərlə iş Qaydanın 90-94-cü bəndlərində göstərilən qaydada aparılmalıdır.

45. Müraciətdə qaldırılan məsələlərin həlli Nazirliyin səlahiyyətlərinə aid olmadıqda müraciət Qaydanın 60.1-ci bəndində göstərilən müddətdə aidiyyəti üzrə müvafiq təşkilat(lar)a göndərilir (müəllifin eyniməzmunlu əvvəlki müraciətləri artıq aidiyyəti üzrə göndərilibsə belə) və bu barədə vətəndaşa yazılı məlumat verilir.

46. Nazirliyin tabe qurumlarının Əsasnamə və ya Nizamnamələrində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olan spesifik hallar istisna olmaqla, müraciətin aidiyyəti üzrə baxılması üçün mərkəzi icra hakimiyyəti orqanlarına tabe qurumlar tərəfindən göndərilməsinə yol verilmir. Belə hallarda müraciətlərin aidiyyəti üzrə göndərilməsi Nazirliyin aparatının müvafiq rəhbər vəzifəli şəxslərinin imzası ilə təmin edilməlidir.

47. Müraciətdə qaldırılan məsələlərin həlli həm Nazirliyin səlahiyyətlərinə, həm də digər təşkilatların səlahiyyətlərinə aid olduqda, icraçı tərəfindən aşağıda göstərilən iki qaydadan birinə uyğun müraciətin icrası təmin edilməlidir:

47.1. Nazirlikdə aparılmış araşdırmanın nəticəsi haqqında vətəndaşa göndərilən cavab məktubunda digər təşkilatların səlahiyyətlərinə aid məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməsinin zəruriliyi haqqında müəllifə məlumat verilməlidir;

47.2. Müraciətin surəti aidiyyəti üzrə baxılmaq üçün müvafiq təşkilat(lar)a göndərilməli və bu barədə Nazirlikdə aparılmış araşdırmanın nəticəsi haqqında vətəndaşa göndərilən cavab məktubunda müəllifə məlumat verilməlidir.

48. Aidiyyəti üzrə digər təşkilatlara göndərilmiş müraciətlərə baxılmasının nəticələrinə dair Nazirliyə məlumatın verilməsi və (ya) müraciətlə əlaqəli sənədlərin göndərilməsi həmin təşkilatlardan istənilə bilər.

49. Nazirliyin aparatının struktur bölməsinin, tabe qurumunun, yaxud digər təşkilatların və ya onların vəzifəli şəxslərinin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı müraciətlərin həmin bölmə, qurum, təşkilatlara və ya onların vəzifəli şəxslərinə göndərilməsi qadağandır. Bu zaman müvafiq olaraq aşağıdakı qərarlar qəbul edilir:

49.1. Nazirliyin aparatının struktur bölməsinin, yaxud tabe qurumunun və ya onların vəzifəli şəxslərinin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı müraciətlər araşdırılmaq məqsədilə daxili nəzarət orqanına, bu olmadıqda isə bu işə səlahiyyəti olan vəzifəli şəxsə verilməlidir.

Nazirliyin vəzifəli şəxslərinin yol verdikləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaş müraciətləri, bir qayda olaraq, nəzarətə götürülür və Qayda ilə tənzimlənən qaydada baxılır.

49.2. Digər təşkilatların və ya onların vəzifəli şəxslərinin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı müraciətlər həmin təşkilatların tabe olduğu, yaxud fəaliyyətlərinə nəzarəti həyata keçirən orqana göndərilməlidir.

Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qaydaya görə qeyd olunan müraciətləri baxılmaq üçün həmin təşkilatlara göndərmək mümkün olmadıqda, qaldırılan məsələ ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

50. Vətəndaş müraciətləri aşağıdakı hallarda baxılmamış saxlanılır:

50.1. Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

50.2. Müraciət Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;

50.3. Müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

50.4. Vətəndaşın təkrar müraciətlərinə bir təqvim ili ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

50.5. Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

50.6. Vətəndaş müraciətinə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə.

51. Müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda, bu barədə iqtisadiyyat nazirinə xidməti məruzə ilə müraciət edilir, onun razılığı və “Baxılmamış saxlanılsın” dərkənarına əsasən işə alınır. Həmçinin vətəndaşa səbəblər göstərilməklə müraciətinin baxılmamış saxlanılması barədə 5 iş günündən gec olmayaraq rəsmi məlumat verilməlidir.

52. Müraciətin baxılmamış saxlanılmasına əsas verən hallar aradan qaldırıldıqda, icraçı ona baxılmasını təmin etməlidir.

53. Müraciətin baxılmamış saxlanılması, qismən həll edilməsi və ya rədd edilməsi barədə qərar qəbul edildikdə, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.

54. Müraciətin göstərilən məsələlərin araşdırılmasına səlahiyyəti olmayan struktur bölməyə, yaxud tabe quruma göndərilməsi qadağandır. Zəruri hallarda müraciətə baxılması ilə bağlı müştərək icraçılar da müəyyən edilə bilər və bu zaman əsas icraçı müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması üçün cavabdehdir.

55. İcraçıların dəyişdirilməsinə yalnız dərkənar müəllifinə xidməti məruzə ilə müraciət etməklə, onun göstərişi əsasında yol verilir. Bu xidməti məruzə ilkin dərkənar göstərişi verildikdən, yəni müraciət müvafiq struktur bölmənin icraatına daxil olduğu gündən etibarən ən geci 3 iş günü müddətində əsas icraçı tərəfindən dərkənar müəllifinə təqdim edilməlidir. Bu zaman sözügedən xidməti məruzə təklif olunan yeni dərkənar layihəsindəki əsas və müştərək icraçıların vizaları alınmaqla razılaşdırılmalıdır.

Sənədin əsas icraçısının dəyişdirilməsi icra müddətini dəyişmir.

56. İcraçı müraciətə baxarkən:

56.1. Daxil olmuş müraciət şikayət xarakterli olduqda və ya yuxarı dövlət hakimiyyəti orqanından daxil olan müşayiət məktubunda göstərilən tələbə əsasən müraciətin (müraciət təkrar və ya eyni olsa belə) Nazirlikdə qeydiyyata alındığı tarixdən etibarən 3 iş günü müddətində müraciətinə Nazirlikdə baxılacağı və nəticəsi haqqında məlumatın veriləcəyi ilə bağlı vətəndaşa xəbərnamə hazırlayır və göndərilməsini təmin edir;

56.2. Zəruri hallarda vətəndaşın iştirakı ilə müraciətin obyektiv, hərtərəfli və icra müddətində baxılmasını təmin edir;

56.3. Lazımi məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı aidiyyəti digər təşkilatlara sorğu göndərir;

56.4. Vətəndaşın pozulmuş hüquq, azadlıq və qanuni maraqlarının bərpa edilməsi və ya müdafiəsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər görür.

57. Müraciətə vətəndaşın iştirakı ilə baxılması zərurəti yarandığı təqdirdə, o, rəsmi qaydada (məktub, teleqram, faks və s. vasitəsilə) qəbula dəvət olunmalıdır. Dəvətlə bağlı sənəddə Nazirliyin yerləşdiyi ünvan, digər əlaqə rekvizitləri və dəvət edən struktur bölmə haqqında ətraflı məlumat verilməlidir. Bu zaman:

57.1. Dəvət olunan vətəndaş Bakı şəhəri və onun ətrafında yerləşən yaşayış massivlərində yaşayırsa, dəvətlə bağlı rəsmi məlumat təyin olunmuş qəbul gününə ən azı 5 gün qalmış göndərilməlidir;

57.2. Dəvət olunan vətəndaş respublikanın regionlarında yaşayırsa, dəvətlə bağlı rəsmi məlumat təyin olunmuş qəbul gününə ən azı 7 gün qalmış göndərilməlidir.

58. Müraciətinə baxılması ilə əlaqədar Nazirliyin vəzifəli şəxsləri tərəfindən qəbul edilməsini tələb etdiyi və ya müraciətə vətəndaşın iştirakı ilə baxılması zərurəti yarandığı hallarda vətəndaşın Nazirliyin yerləşdiyi inzibati binaya qəbula gəlmək imkanı olmadığı təqdirdə, müraciət yerində araşdırıla bilər.

59. Nazirlikdə müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:

59.1. Müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin aidiyyəti təşkilatlar tərəfindən araşdırmaya təqdim olunmasını təmin etməyi xahiş etmək;

59.2. Müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə, həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;

59.3. Müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;

59.4. Qaydanın 39-cu bəndində göstərilən hal istisna olmaqla, müraciətində göstərdiyi məsələlər haqqında mahiyyəti üzrə yazılı cavab almaq;

59.5. Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək;

59.6. Müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına dair sirr olan, habelə peşə və kommersiya sirri olan sənədlərin və məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək;

59.7. Müraciətinə baxılmasının dayandırılmasını tələb etmək.

60. Nazirliyə daxil olmuş müraciətlərə aşağıdakı müddətlərdə baxılır:

60.1. Aidiyyəti üzrə baxılmaq üçün digər təşkilatlara göndərilən müraciətlər - 3 iş günü;

60.2. Araşdırma tələb etmədikdə - 15 iş günü;

60.3. Araşdırma tələb etdikdə - 30 iş günü;

60.4. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti - 15 iş günü;

60.5. Nazirliyin əməkdaşı haqqında korrupsiya faktı ilə bağlı müraciət - 20 iş günü;

60.6. İnformasiya sorğusu - 7 iş günü;

60.7. Milli Məclisin deputatlarının sorğusu - 30 gün;

60.8. Milli Məclisin deputatlarının material və sənədlərin istənilməsi ilə bağlı müraciətləri - 10 gün;

60.9. Qaydanın 60.1-60.8-ci bəndlərində göstərilmiş müddətlərdə baxılması zamanı müraciətdə göstərilən məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda 24 saatdan gec olmayaraq.

61. Müraciətin baxılması üçün əlavə məlumatlar əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, yoxlama keçirmək zərurəti yarandıqda, yaxud başqa tədbirlər görmək lazım olduqda Qaydanın 60.2-60.3-cü bəndlərində göstərilən müraciətlərin icra müddəti dərkənar müəllifinin razılığı əsasında ən çoxu 30 iş günü uzadıla bilər. Bu hal Nazirliyin vəzifəli şəxsi haqqında korrupsiya faktı ilə bağlı olduqda, müraciətin icra müddəti iqtisadiyyat nazirinin razılığı əsasında 10 iş günü uzadıla bilər.

60.7-60.8-ci bəndlərdə göstərilən müraciətlərin icra müddətinin uzadılması Qaydanın 92-ci bəndində göstərilən qaydada həyata keçirilir.

Əgər informasiya sorğusunu cavablandırmaq Qaydanın 60.6-cı bəndində göstərilən müddətdə mümkün olmadıqda, dərkənar müəllifinin razılığı əsasında daha 7 iş günü uzadıla bilər.

62. Müraciətin icra müddətini uzatmaq üçün sənədin əsas icraçısı icra müddətinin bitməsinə ən azı 1 iş günü qalmış dərkənar müəllifinə (korrupsiya faktı ilə əlaqədar müraciətlərdə iqtisadiyyat nazirinə) əsaslandırılmış şəkildə xidməti məruzə ilə müraciət etməlidir. Dərkənar müəllifinin razılığı əsasında müraciətin icra müddəti uzadıldıqdan sonra bununla bağlı vətəndaşa, habelə Qanunun 7.11-ci maddəsinə uyğun olaraq müraciəti Nazirliyə göndərmiş yuxarı dövlət orqanının tələbi əsasında ona 3 iş günü müddətində yazılı məlumat verilməlidir.

63. İcra müddətlərinin axımı müraciətin Nazirlikdə qeydiyyata alındığı gündən hesablanır. Nazirliyin aparatından tabe quruma baxılmaq üçün göndərilən müraciətlərin icra müddəti müraciətlərin Nazirliyin aparatında qeydiyyatdan keçdiyi gündən hesablanır.

64. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə təsadüf edən sonuncu icra günü növbəti iş gününə keçirilir.

65. Müraciətdə göstərilən məsələ araşdırıldıqdan sonra nəticəsi barədə məlumatın veriləcəyi, vətəndaşın qəbula dəvət olunması, müraciətin icra müddətinin uzadılması və s. barədə vətəndaşa göndərilən bu növ aralıq məktubları əsasında həmin müraciətin baxılmış hesab edilməsinə yol verilmir.

66. Vətəndaş müraciəti ilə bağlı Nazirliyə digər təşkilatlardan, kütləvi informasiya vasitələrindən daxil olan sorğular onlarda göstərilən müddətlərdə, müddət göstərilmədikdə isə ən çoxu 7 iş günü müddətində cavablandırılmalı, habelə tələb edilən sənəd və materiallar aidiyyəti üzrə təqdim edilməlidir. Bu zaman dövlət sirri təşkil edən və açıqlanması qanunla məhdudlaşdırılan sənəd və materiallarla iş Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparılır.

67. Müraciətin baxılmasına dair dərkənarda bir neçə icraçı olduqda, digər icraçılar müraciətə baxılma müddətinin yarısından gec olmamaqla müraciətə baxılma ilə əlaqədar rəylərini və müvafiq məlumatları yazılı və ya şifahi qaydada əsas icraçıya təqdim etməlidirlər. Bu zaman cavab məktubu əsas icraçı tərəfindən digər icraçılarla razılaşdırmaqla hazırlanır.

68. Axtarış imkanlarının səmərəliliyinin artırılması məqsədilə əsas və müştərək icraçılar eyni vətəndaşın müraciəti ilə əlaqədar EİS vasitəsilə apardıqları bütün xidməti yazışmaları və baxılmanın nəticəsi ilə bağlı cavab məktubunu təşəbbüs sənədi ilə müvafiq qaydada əlaqələndirməyə borcludurlar.

69. Müştərək icraçılar razılaşdırmaq məqsədilə onlara təqdim olunmuş sənədi mümkün qədər qısa müddət ərzində, lakin 2 iş günündən çox olmamaq şərti ilə imzalamalıdırlar. Müştərək icraçılar tərəfindən əsas icraçıya təqdim edilmiş məlumatlar çıxış sənədində öz əksini tam şəkildə tapmadıqda, həmin icraçı sənədlə razılaşmayaraq əsas icraçıya geri qaytara bilər. Bu halda əsas icraçı həmin gün ərzində müvafiq düzəlişləri edərək, sənədi yenidən razılaşdırmaya təqdim etməlidir.

70. Vətəndaşların müraciətləri ilə əlaqədar yaradılan xidməti məktublar, sorğular və cavab məktubları kargüzarlığın aparılmasına dair müvafiq qanunvericiliyin və Nazirliyin daxili qaydalarının tələblərinə uyğun olaraq tərtib edilərək hazırlanmalıdır.

71. Vətəndaşların yazılı müraciətlərinə rəsmi qaydada, Nazirliyin aparatının rəsmi blankında, kurasiyaya uyğun müvafiq rəhbər vəzifəli şəxs tərəfindən imzalanmaqla və sənədi kargüzarlıq xidmətində qeydiyyatdan keçirməklə cavab verilir. Müraciətdə qaldırılan məsələlərlə bağlı müəlliflə dəqiqləşdirmələrin aparılması zərurəti yarandığı təqdirdə, icraçı strukturun rəhbərinin razılığı əsasında yalnız elektron ünvana göndərilməklə rəsmi qeydiyyata alınmadan vətəndaşla aralıq yazışma(lar) aparıla bilər. Bu aparılan elektron yazışma(lar) sənədin icraçısı tərəfindən EİS vasitəsilə struktur bölmənin rəhbərinə məruzə edilir və təşəbbüs sənədi ilə əlaqələndirilir. Bu zaman bütün yazışmalar müraciətə əlavə edilməlidir.

72. Yuxarı dövlət orqanından baxılmanın nəticəsi barədə məlumat vermək tələbi ilə daxil olan müraciətlərə dair Nazirliyin yuxarı dövlət orqanına cavab məktubu nazir, o, olmadıqda isə onun səlahiyyətlərini icra edən müavini tərəfindən imzalanır.

73. Elektron müraciətlərə Nazirlik tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu elektron imza ilə təsdiq edilməlidir.

74. Vətəndaşların müraciətlərinə cavab məktublarının mətni “Arial” 12 şrifti ilə A4 formatlı kağızda bir yarım sətirarası intervalla yazılır və Nazirliyin aparatının rəsmi blankında çap edilir.

75. Vətəndaş fiziki şəxs olduqda ona göndərilən cavab məktubunun yuxarı sağ hissəsində əvvəlcə poçt indeksi, ünvanı (şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi), vətəndaşın adı və soyadı göstərilir. Məsələn:

 

AZ 1031, Bakı şəhəri, Nəsimi rayonu,

Azadlıq prospekti, ev 10, mənzil 47

vətəndaş Elxan Quliyevə

E-poçta göndərildikdə:

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

vətəndaş Vüqar Muradova

76. Əgər sənəd hüquqi şəxsə göndərilirsə, əvvəlcə hüquqi şəxsin adı, sonra poçt indeksi və ünvanı göstərilir. Məsələn:

“CƏNUB” ASC-yə

AZ 1031, Bakı şəhəri, Nəsimi rayonu,

Azadlıq prospekti, ev 10, mənzil 47

 

E-poçta göndərildikdə:

"İNKİŞAF" ASC-nin sədri
Gülnar Kərimovaya
E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

77. Vətəndaşa müraciətinə baxılmasının nəticəsinə dair hazırlanan cavab məktubunda müraciətin daxilolma nömrəsi və tarixi göstərilməlidir. Bu məktub vətəndaşın bir neçə təkrar və ya eyni xarakterli müraciətini cavablandırdığı təqdirdə, vətəndaşın bütün müraciətlərinin daxilolma nömrələri və tarixləri qeyd olunmalıdır.

78. Vətəndaşa müraciətinə baxılmasının nəticəsi haqqında yazılı məlumat verərkən, eyni müraciətlərinin daxil olduğu mənbələrə - onların sayı üç və ondan az olduqda təşkilatların adı göstərilməklə, çox olduqda isə ümumiləşdirilmiş şəkildə istinad edilməlidir. Məsələn:

 

Birinci halda - Sizin Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və birbaşa Nazirliyə ünvanladığınız 05.05.2016-cı il tarixli eyniməzmunlu müraciətlərinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyində baxılmışdır.

 

İkinci halda - Sizin müxtəlif dövlət təşkilatlarına ünvanladığınız 05.05.2016-cı il tarixli eyniməzmunlu müraciətlərinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyində baxılmışdır.

79. Xaricolma məktubunun hazırlanması, vizaların verilməsi və imzalanması bu işləri tənzimləyən qaydalara uyğun EİS vasitəsilə elektron formada aparılır və qeydiyyat nömrəsi avtomatik olaraq verilir.

80. Vətəndaşa hazırlanmış xaricolma sənədinə əsas icraçı şöbə üzrə işçi – sektor müdiri – şöbə müdirinin müavini – şöbə müdiri tərəfindən razılaşdırma vizası verilir. Əgər müraciətin müştərək icraçıları olduğu təqdirdə, onlar tərəfindən də razılaşdırma vizası verilməlidir.

81. Müraciət onda qaldırılmış məsələlər tam həll edildikdə və müəllifə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə icra edilmiş sayılır. Əsas icraçı tərəfindən müraciətə baxılmanın nəticəsi ilə bağlı müvafiq qeydlər EİS-ə daxil edilir.

82. Vətəndaş müraciətinə baxılması ilə bağlı EİS-ə daxil edilməsi mümkün olmayan və ya daxil edilməyən sənədlərin əsli (izahat, broşür, disk və s.) kargüzarlıq xidmətinə təqdim edilir və kargüzarlıq xidməti tərəfindən müvafiq qovluqda saxlanılan təşəbbüs sənədinə (vətəndaşın müraciətinə) əlavə edilir.

83. İcraçı tərəfindən vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə rəsmi məlumat verilir.

84. Nazirlikdə müraciətlərə baxılmanın nəticələrinə dair vətəndaşlara verilən cavab məktubları Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dilində tərtib edilir. Əgər müraciət Nazirliyə xarici ölkə vətəndaşından və xarici dildə daxil olmuşdursa, dövlət dilində yazılmış cavab məktubuna müraciətin daxil olduğu xarici dilə, bu mümkün olmadıqda ingilis dilinə qeyri-rəsmi tərcüməsi əlavə edilə bilər.

85. Vətəndaşa cavab məktubu rəsmi dildə yazılmalı və xidməti yazışmalarda istifadə edilən abreviaturalardan (İN, SKMF, ASİHMDX və s.) mətndə istifadə edilməməlidir.

86. İcraçılar tərəfindən vizalar verildikdən və müvafiq rəhbər vəzifəli şəxs tərəfindən imzalandıqdan sonra mətninin üzərində (rekvizitlər də daxil olmaqla) hər hansı düzəlişlər edilmiş cavab məktubunun vətəndaşa göndərilməsi qadağandır.

87. Kollektiv müraciətlərdə cavab məktubu müəlliflərin bu məqsədlə müraciətdə qeyd etdikləri şəxsə, bu olmadıqda eyni zamanda siyahıda və zərfdə adı olan şəxsə, bu da olmadıqda siyahıda adı birinci olan şəxsə göndərilməlidir.

88. Ünvan sahibinə çatmayan və poçt xidməti tərəfindən geri qaytarılan xaricolma sənədləri barəsində əsas icraçıya məlumat verilməlidir. Əsas icraçı tərəfindən sənədin vətəndaşa çatdırılması üçün bütün mümkün tədbirlər görülməlidir. Sənədin çatdırılması ilə bağlı digər imkanlar olmadıqda, sənəd iş qovluğunda təşəbbüs sənədinə əlavə edilməsi üçün kargüzarlıq xidmətinə təqdim edilir.

 

V. Vətəndaşların müraciətlərinin nəzarətə götürülməsi

89. Müraciətlər aşağıdakı hallarda nəzarətə götürülür:

89.1. Yuxarı dövlət orqanlarının müşayiət məktubu ilə daxil olduqda və bu məktubda baxılmanın nəticələri haqqında məlumat verilməsi tələb olunduqda;

89.2. Milli Məclisin deputatlarının sorğusu və ya sənəd və material almaq üçün müraciətləri;

89.3. Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri (bir qayda olaraq), qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə (mühümlüyü nəzərə alınmaqla), yaxud digər hallarla bağlı müraciətdə qaldırılan məsələnin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Nazirliyin müvafiq rəhbər vəzifəli şəxslərinin dərkənarı əsasında.

90. Qaydanın 20-ci bəndinə uyğun olaraq EİS-də müraciətin elektron surəti yaradıldıqdan və “Nəzarətdədir” sahəsi seçildikdən sonra böyük hərflərlə yazılmış və “NƏZARƏTDƏDİR” sözü təsvir edilmiş qeyd elektron nüsxənin sağ küncündə, mətnin başlığı rekviziti bərabərliyində yaranır.

91. Nəzarətə alınmış müraciətlər müşayiət məktubunda göstərilən müddətlərdə, bu olmadıqda isə Qaydanın 31 və 60-cı bəndlərində göstərilən müddətlərdə icra olunmalıdır.

92. Nəzarətə alınmış müraciətin icra müddəti yalnız dərkənar müəllifinə məruzə edilməsi yolu ilə uzadıla bilər. Bu zaman məlumat tələb edən orqana və ya millət vəkilinə rəsmi məlumat verilməlidir. Xüsusi əhəmiyyətli məsələlər üzrə müraciətin icra müddətinin uzadılması həmin orqan və ya millət vəkili ilə razılaşdırılmalıdır.

93. Nəzarətə alınmış müraciətlərin nəzarətdən çıxarılması iki yolla həyata keçirilə bilər:

93.1. İcraçı tərəfindən müraciəti nəzarətə götürən dərkənar müəllifinə müraciətə baxılmanın nəticələri ilə bağlı məruzə edilir (Nazirliyin aparatında qeydiyyata alınmış müraciətlərlə bağlı həm aparatın struktur bölmələri, həm tabe qurumlar üzrə - cavab məktubunun layihəsi). Dərkənar müəllifinin müvafiq qərarına əsasən müraciət nəzarətdən çıxarılır.

93.2. Nəzarətə götürülən müraciətin icrası dərkənar müəllifinin imzası ilə rəsmiləşdirilən sənədlə təmin edilir. Bu halda dərkənar müəllifinə yazılı müraciət edilmir və sənəd müvafiq struktur vahiddə qeydiyyata alındığı zaman nəzarətdən çıxarılır.

94. Müşayiət məktubu ilə daxil olmuş və nəzarətə alınmış bütün vətəndaş müraciətləri ilə bağlı müşayiət məktubunda başqa hal nəzərdə tutulmamışdırsa, vətəndaşa cavab verilməlidir.

 

VI. Vətəndaşların müraciətlərinin və onunla əlaqəli sənədlərin kargüzarlıq xidmətində saxlanılması və arxivləşdirilməsi

95. Daxil olan vətəndaş müraciətləri ilə bağlı bütün növ yazışmalar (müraciətlə əlaqədar göndərilmiş sorğular və onlara alınmış cavablar, müxtəlif xidməti yazışmalar, alınmış izahatlar və s.) əsas icraçı tərəfindən EİS-də təşəbbüs sənədi ilə, yəni daxil olan vətəndaş müraciəti ilə əlaqələndirilməlidir.

96. Əsas icraçı EİS-də müraciətlə əlaqəli elektron sənəd və materialların təşəbbüs sənədinə əlavə və ya qoşma edilməsinə görə məsuliyyət daşıyır və cavab məktubunu imzalanmaya təqdim etməzdən əvvəl həmin əlavə və qoşmaların mövcudluğunu yoxlamalıdır.

97. Vətəndaşın müraciəti aidiyyəti üzrə digər dövlət orqanına göndərildikdə müraciətin əsli saxlanılmaqla yalnız həmin müraciətin və onun əlavələrinin surəti göndərilir.

98. Vətəndaş müraciətlərinin əsilləri, onlara baxılması ilə əlaqədar toplanmış materiallar və verilmiş cavablar, həmçinin vətəndaşların qəbulu ilə bağlı sənədlər kargüzarlıq xidmətində qanunvericiliyin tələblərinə uyğun qaydada – vətəndaşların soyadlarının baş hərflərinə uyğun şəkildə əlifba sırası ilə qruplaşdırılır və iş qovluqlarında yığılır.

99. Bir vətəndaşdan təqvim ili ərzində daxil olan təkrar və eyni müraciətlər iş qovluğunda onun həmin ildə daxil olan ilk müraciətinin arxasına əlavə edilir. Məsələn:

Hacıyev Elmarın 20.06.2016-cı il tarixli İN-D/O-H-15/2016/2 nömrəli, 03.09.2016-cı il tarixli İN-D/O-15/2016/3 nömrəli təkrar müraciətləri onun 02.02.2016-cı il tarixli İN-D/O-H-15/2016 nömrəli ilk müraciətinin arxasına əlavə edilməlidir.

100. Eyni vətəndaşdan daxil olan, lakin təkrar və eyni hesab edilməyən müxtəlif mövzulu müraciətlər qovluqda sıra nömrəsinə uyğun olaraq yerləşdirilir.

101. Kollektiv, nəzarətdə olan və anonim müraciətlər və onlarla əlaqəli toplanılmış sənədlər bu tip müraciətlər üçün məxsusi olaraq ayrılmış qovluqlar üzrə qruplaşdırılır.

102. Vətəndaş müraciətlərinin arxivləşdirilməsi işi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”na, Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na, arxiv işi sahəsində qüvvədə olan digər normativ-hüquqi aktlara və Nazirliyin bu sahədə mövcud olan normativ sənədlərinə uyğun aparılır.

 

VII. Vətəndaşların qəbulu

103. Nazirliyin aparatında və tabe qurumlarında vətəndaşların qəbulu aşağıdakı qaydada təsdiq olunmuş “Vətəndaşların qəbulu qrafiki” (bundan sonra – Qəbul qrafiki) əsasında aparılır:

103.1. Nazirliyin aparatının rəhbər vəzifəli şəxslərinin və tabe qurumların birinci şəxslərinin qəbul günləri iqtisadiyyat naziri tərəfindən;

103.2. Tabe qurumların rəhbər vəzifəli şəxslərinin qəbul günləri həmin qurumun rəhbəri tərəfindən.

104. Qəbul qrafiki inzibati binanın qəbul üçün nəzərdə tutulmuş girişində, gözlə asan görünən yerdə və Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

105. Hər ilin sonunda növbəti il üçün təsdiq olunmuş Qəbul qrafiki müvafiq olaraq, Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Qəbul qrafikinin bir nüsxəsi dekabr ayının sonunadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş Qəbul qrafikinin bir nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir və Nazirliyin rəsmi internet saytındakı qrafikin yenilənməsi təmin edilir.

106. Tabe qurumların növbəti il üçün təsdiq olunmuş Qəbul qrafiki barədə cari ilin dekabr ayının 15-dək Naziriliyin aparatının Ümumi şöbəsinə məlumat verilir. Təsdiq olunmuş Qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş Qəbul qrafikinin bir nüsxəsi Nazirliyə təqdim edilməlidir.

107. Qəbul qrafikində rəhbər vəzifəli şəxslər haqqında aşağıdakı məlumatlar əks olunur:

107.1. Vəzifəsinin tam adı;

107.2. Adı, atasının adı və soyadı;

107.3. Qəbul günləri və saatları;

107.4. Qəbul otağının şəhər və daxili telefon nömrəsi.

108. Qəbul qrafiki kargüzarlıq xidməti (bu olmadıqda müvafiq vəzifəli şəxs) tərəfindən aşağıdakı prinsiplər əsasında tərtib olunur və Qaydanın 103-cü bəndinin tələblərinə uyğun olaraq təsdiq üçün təqdim edilir:

108.1. Nazirliyin aparatı üzrə:

108.1.1. Nazirin qəbulu – ayda bir gün (azı 6 saat);

108.1.2. Nazir müavinlərinin qəbulu – həftədə bir gün (azı 3 saat);

108.1.3. Struktur bölmə rəhbərləri və müstəqil vəzifəli şəxslərin qəbulu – həftədə iki gün (azı 4 saat);

108.1.4. Tabe qurumların rəhbərlərinin qəbulu – həftədə üç gün (azı 12 saat);

108.1.5. Nazirlikdə vətəndaşların qəbulunu həyata keçirən müvafiq struktur bölmədə qəbul - həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

108.2. Tabe qurumlar üzrə:

108.2.1. Tabe qurumların rəhbərlərinin müavinlərinin qəbulu – həftədə üç gün (azı 15 saat);

108.2.2. Tabe qurumların struktur bölmə rəhbərlərinin qəbulu – həftənin iş günləri (azı 20 saat);

108.2.3. Tabe qurumlarda vətəndaşların qəbulunu həyata keçirən müvafiq struktur bölmənin və ya vəzifəli şəxsin qəbulu - həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

109. Kargüzarlıq xidməti və ya müvafiq vəzifəli şəxs tərəfindən Qəbul qrafiki tərtib edilərkən vəzifəli şəxslər tərəfindən keçiriləcək qəbulların həftənin müxtəlif günlərində və günün birinci və ikinci yarısı arasında maksimum bərabər paylanılması nəzərə alınmalıdır.

110. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə, vətəndaşlar Qəbul qrafiki üzrə müəyyən edilmiş günlərdən başqa digər günlərdə də növbədənkənar və ya dərhal qəbul edilməlidirlər.

111. Nazirliyə müraciət etmiş vətəndaşların nazir, nazir müavini, struktur bölmə rəhbərləri və tabe qurumların rəhbərlərinin qəbuluna yazılmasını kargüzarlıq xidməti və ya bu işin həvalə edildiyi şəxs tərəfindən həyata keçirilir.

112. Vətəndaşların qəbulu və qeydiyyatı aşağıdakı qaydada təşkil edilir:

112.1. Vətəndaşlar xüsusi ayrılmış «Qəbul otağı»nda qəbul edilir, onlar barədə müvafiq məlumatları EİS-in “Vətəndaşların şifahi müraciətləri” alt-modulunda elektron qeydiyyat-nəzarət vərəqinə (bundan sonra qeydiyyat-nəzarət vərəqi) daxil edilir.

112.2. Qeydiyyat-nəzarət vərəqinə aşağıdakı məlumatlar daxil edilir:

112.2.1. Vətəndaşın adı, soyadı, atasının adı;

112.2.2. Vətəndaşın qeydiyyatda olduğu və yaşadığı ünvan;

112.2.3. Vətəndaşın iş yeri;

112.2.4. Vətəndaşın digər əlaqə rekvizitləri;

112.2.5. Müraciətin qısa məzmunu;

112.2.6. Qəbulu həyata keçirən vəzifəli şəxsin vəzifəsi, adı və soyadı;

112.2.7. Verilən cavabın qısa məzmunu.

112.3. Qəbul qrafikinə uyğun olaraq vətəndaşlar nazir, nazir müavini, struktur bölmə rəhbərləri və tabe qurumların rəhbərlərinin qəbuluna yazılır və bu barədə məlumatlar həmin vəzifəli şəxslərə çatdırılır;

112.4. Vətəndaşın müraciəti diqqətlə öyrənilir və ona müvafiq izahatlar verilir. Zəruri hallarda (vətəndaşın regiondan gəlməsi və Bakı şəhərində qalmaq imkanının olmaması, xüsusi əhəmiyyətli məsələlərlə bağlı, güzəşt və imtiyazlara malik şəxslərin müraciəti və s. ) onların dərhal müvafiq vəzifəli şəxslər tərəfindən qəbulu təşkil olunur. Bu zaman EİS-də yaradılmış şifahi vətəndaş müraciətinin qeydiyyat-nəzarət vərəqi həmin vəzifəli şəxsə ünvanlanır.

112.5. Müvafiq vəzifəli şəxs tərəfindən vətəndaşı qəbul etdiyi gün, bu mümkün olmadıqda isə növbəti iş günü qəbulun nəticəsi barədə qeydlər qeydiyyat-nəzarət vərəqinə daxil edilməlidir;

112.6. Qeydiyyat-nəzarət vərəqinə daxil edilən cavab qısa və əhatəli olmalı, ümumi ifadələrin (müvafiq qaydada baxıldı, izahat işləri aparıldı və s.) işlədilməsinə yol verilməməlidir;

112.7. Qaydanın 110 və 122-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, qalan bütün hallarda vəzifəli şəxslər Qəbul qrafikinə əsasən təyin olunmuş gündə qəbuluna yazılan vətəndaşları qəbul etməlidirlər;

112.8. Müraciətdə irəli sürülən məsələlərin həlli Nazirliyin səlahiyyətlərinə aid olmadıqda (məsələn, vətəndaş ona məxsus yaşayış sahəsinin «N» firması tərəfindən qismən zəbt olunmasından şikayət etdikdə) hara müraciət etmək lazım olduğu vətəndaşa izah edilməlidir.

113. Tabe qurumların müvafiq struktur bölmələri və ya bu iş üçün ayrılmış vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu həmin tabe qurumun strukturuna uyğun olaraq müvafiq qaydada həyata keçirilir.

114. Nazir onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, zəruri olduqda nazir müavinləri, aidiyyəti struktur vahidlərin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

115. Nazir müavini və ya aparatın rəhbəri onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zəruri olduqda, aidiyyəti struktur bölmələrin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

116. Struktur bölmələrin rəhbərləri, tabe qurumların rəhbərləri və ya vəzifəli şəxslər vətəndaşları qəbul edir, nazir, nazir müavini və ya aparatın rəhbəri tərəfindən verilmiş tapşırıqlarla əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

116.1. Müraciətlərin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədləri tələb edir, məsələnin həlli üçün zəruri olan digər tədbirləri görürlər;

116.2. Müraciətdə irəli sürülən məsələlərin həlli Nazirliyin və ya həmin vəzifəli şəxslərin səlahiyyətlərinə aid olmadıqda (məsələn, vətəndaş yerli özünüidarəetmə orqanlarının qanunazidd qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etdikdə) hara müraciət etmək lazım olduğunu vətəndaşlara izah edirlər;

116.3. Müraciətə müəyyən edilmiş qaydada baxır, görülmüş tədbirlər haqqında müraciət etmiş vətəndaşa əsaslandırılmış cavab verirlər (cavab şifahi və ya vətəndaşın tələbi əsasında yazılı ola bilər);

117. Qəbul zamanı vətəndaş tərəfindən qaldırılan məsələlər əlavə öyrənilmə və ya yoxlama tələb etdikdə, vətəndaşın yazılı müraciəti qəbul edilir. Bu zaman yazılı müraciət şifahi müraciətə münasibətdə eyni müraciət hesab edilir və Qayda ilə müəyyən edilmiş vasitələrlə qeydiyyata alınaraq, müvafiq dərkənarın qoyulması məqsədilə rəhbərliyə təqdim edilir. Məsələn:

Abbaszadə Elşənin şifahi müraciəti İN-D/O-A-98/2016 nömrəsi ilə qeydiyyata alınmışdırsa, qəbul zamanı təqdim etdiyi eyniməzmunlu yazılı müraciəti İN-D/O-A-98/2016/2 nömrəsi ilə qeydiyyata alınmalıdır.

 

118. EİS-də şifahi müraciətlərin qeydiyyata alınması, qəbulla bağlı aidiyyəti rəhbər vəzifəli şəxslərə məruzə edilməsi, qəbul vaxtının dəqiqləşdirilməsi, verilmiş cavabların rəsmiləşdirilməsi və s. bu kimi əməliyyatlar elektron qaydada həyata keçirilir.

119. Vətəndaşlar Nazirliyin Qəbul otağına müraciət etmək və ya Nazirliyin rəsmi internet saytında qeydiyyatdan keçmək yolu ilə, eləcə də Nazirliyin elektron poçtu vasitəsilə qəbula yazıla bilərlər. Qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

120. Nazirliyin rəhbər vəzifəli şəxslərinin video (“online”) qəbuluna yazılmaqla bağlı elekrton müraciət daxil olduqda, bu müraciətlərlə iş aşağıda göstərilənlərdən birinin tətbiqi yolu ilə qurulur:

120.1. Müəllif tərəfindən təqdim olunan əlaqə resursları vasitəsilə onunla əlaqə saxlanılır və video qəbulun təşkili imkanları izah edilir. Video qəbulun təşkil edilməsi ilə bağlı iş Qaydanın 121-ci bəndində göstərilən qaydada aparılır;

120.2. Video qəbul imkanları olmadıqda, müraciət Qaydanın 20-ci bəndində göstərilən qaydada qeydiyyata alınaraq, vətəndaşın dəvət edilməsi yolu ilə rəhbər vəzifəli şəxs tərəfindən qəbul edilməsi təşkil olunur.

121. Video əlaqənin təşkil edilməsi aşağıdakı qaydada həyata keçirilir:

121.1. Vətəndaş Nazirliyin internet saytının “Canlı əlaqə” bölməsi vasitəsilə qeydiyyatdan keçir, “Video əlaqələrin yaradılmasını və bağlantı zamanı davranışı tənzimləyən Tələblər”lə (Əlavə 1) tanış olaraq qəbulla bağlı müvafiq müraciət göndərir;

121.2. Müraciət daxil olduqdan sonra qəbulun təşkilinə məsul şəxs tərəfindən video əlaqənin texniki mümkünlüyünün yoxlanılması və sualların ilkin cavablandırılması məqsədilə vətəndaş video qəbul olunur. Qəbulun nəticəsi Qaydanın 112-ci bəndi ilə tənzimlənən qaydada rəsmiləşdirilir;

121.3. Vətəndaş müraciətinə verilən cavabdan qane olmadığı hallarda Qayda ilə tənzimlənən qaydada onun müvafiq rəhbər vəzifəli şəxs tərəfindən video qəbul edilməsi təşkil olunur. Video qəbulun nəticəsi Qaydanın 112-ci bəndi ilə tənzimlənən qaydada rəsmiləşdirilir.

121.4. Video qəbul zamanı vətəndaşın “Video əlaqələrin yaradılmasını və bağlantı zamanı davranışı tənzimləyən Tələblər”ə riayət etməməsi canlı bağlantının birtərəfli olaraq dayandırılması üçün əsas ola bilər;

121.5. Video qəbul vətəndaşlarla işin təkmilləşdirilməsi məqsədilə elektron informasiya daşıyıcılarında yazılır və arxivləşdirilir.

122. Rəhbər vəzifəli şəxslər üzrlü səbəbdən vətəndaşları qəbul edə bilmədikdə (xidməti zərurətlə əlaqədar işdə olmadıqda və s.), qəbul onların müavinləri, bu olmadıqda isə bu işə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən həyata keçirilir. Vətəndaş yalnız qəbuluna yazılmaq istədiyi, lakin üzrlü səbəbdən işdə olmayan vəzifəli şəxs tərəfindən qəbul edilməsini istədikdə onun həmin vəzifəli şəxs tərəfindən qəbul edilməsi Qəbul qrafikinə uyğun olan başqa günə təyin edilir.

123. Vətəndaşa cavab verildikdən (yazılı cavabın tələb olunduğu təqdirdə, yazılı cavab verildikdə müraciət baxılmış hesab olunur) və bu barədə müvafiq struktur bölmə tərəfindən şifahi müraciətlərin qeydiyyat-nəzarət vərəqində müvafiq qeydlər aparıldıqdan sonra müraciət baxılmış hesab olunur.

124. İqtisadiyyat naziri və ya digər vəzifəli şəxslər səyyar qəbullar keçirdikləri zaman vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qeydiyyatı və onlara baxılması Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.

 

VIII. Vətəndaşların müraciətləri ilə bağlı işin təşkili

125. Vətəndaşların yazılı və şifahi müraciətləri, o cümlədən, həmin müraciətlərdə göstərilən tənqidi qeydlər vətəndaşların hüquq və qanuni maraqlarının pozulması səbəblərinin vaxtında müəyyən edilməsi, ictimai rəyin öyrənilməsi, Nazirliyin və tabe qurumlarının vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə sistemli şəkildə təhlil edilməli və ümumiləşdirilməlidir.

126. Kargüzarlıq xidməti vətəndaşların müraciətlərinin təhlili və ümumiləşdirilməsi əsasında aylıq, rüblük, yarımillik və illik arayışlar hazırlayaraq Nazirliyin aparatı üzrə nazirə, tabe qurumlar üzrə isə həmin qurumun rəhbərinə təqdim etməlidir.

127. Nazirlikdə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair hər ilin yekunları üzrə hesabatlar hazırlanaraq növbəti ilin yanvar ayının 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmalıdır.

128. Müraciətlərin təhlili və onlara baxılmasına nəzarət işləri planlı şəkildə qurulmalı və mütəmadi olaraq Nazirliyin kollegiya və müşavirələrində, tabe qurumların iclaslarında rəhbər vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilməlidir.

129. Tabe qurumlarda vətəndaşların müraciətlərinə baxılması vəziyyətinə planlı və konkret hallar üzrə yoxlama və ya monitorinqlərin keçirilməsi ilə Nazirliyin aparatının Ümumi və Daxili nəzarət şöbələri (bir-biri ilə əlaqəli şəkildə) tərəfindən həyata keçirilir.

130. Qaydanın 129-cu bəndində qeyd olunan struktur bölmələr yoxlama və monitorinq keçirməzdən əvvəl nazirə, nazir müavininə və ya aparat rəhbərinə xidməti məktubla müraciət etməli və nəzarət tədbirinin keçirilməsi ilə bağlı razılıq almalıdır.

131. Yoxlama və monitorinqlər zamanı aşağıdakı hallara diqqət yetirilir:

131.1. Vətəndaşların yazılı müraciətlərinin qəbulu və qeydiyyatı işinin təşkilinə;

131.2. Vətəndaşların müraciətlərinə baxılmasının icra vəziyyətinə;

131.3. Vətəndaşların müraciətlərinə baxılması işini tənzimləyən normativ sənədlərlə əməkdaşların tanışlığına;

131.4. Qeydiyyat-nəzarət vərəqlərinin doldurulmasının tamlığı və keyfiyyətinə;

131.5. Müraciətlə bağlı toplanılmış sənəd və materialların tamlığına;

131.6. Vətəndaşların rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilməsinin təşkili vəziyyətinə;

131.7. Statistik və analitik materialların mövcudluğuna.

132. Yoxlama və monitorinqin nəticəsi həmin nəzarət tədbirinin keçirilməsi ilə bağlı razılığı alınmış rəhbər vəzifəli şəxsə məruzə edilməlidir.


Əlavə 1

Video əlaqənin yaradılmasını və canlı bağlantı zamanı davranışı tənzimləyən

Tələblər

Video əlaqənin baş tutması və müvəffəqiyyətlə başa çatdırılması üçün aşağıdakı tələblərə əməl edilməsi vacibdir:

1. Texniki tələblər:

1.1. Müraciət edən istifadəsində olan kompüterin canlı bağlantı üçün lazım olan aksesuarlarla (veb kamera, mikrofon və səsgücləndirici) təminatına və ya onların işlək vəziyyətdə olmasına əmin olmalıdır;

1.2. Davamlı internet bağlantısı olmalıdır.

2. Müraciət edən şəxsə aid tələblər:

2.1. Müraciət edən vətəndaş “istifadəçi adı”nı və “istifadəçi parolu”nu digər şəxslərə verməməlidir;

2.2. Müraciət edən xarici görünüşünə fikir verməli və səliqəli olmalıdır;

2.3. Canlı video əlaqə zamanı anlaqlı vəziyyətdə olmalı, qeyri-etik hərəkətlərə və ibarələrə yol verməməlidir;

2.4. Canlı video əlaqə zamanı siqaret çəkməməli və qida, spirtli içki yaxud digər maye qəbul etməməlidir.

2.5. 2.1-2.4-cü bəndlərdə göstərilən tələblərə əməl edilmədikdə, vətəndaşla canlı bağlantı kəsilə bilər.

3. Digər tələblər:

3.1. Canlı video əlaqə vasitəsilə müraciət etmək üçün ən aşağı yaş həddi 18-dir;

3.2. Video əlaqə yaratmaq üçün müraciət formasında göstərilən sahələr üzrə vətəndaş tərəfindən təqdim olunan yanlış məlumatlar canlı bağlantıdan imtina üçün əsas ola bilər;

3.3. Müraciət formasının bütün sahələrinin doldurulması vacibdir. Əks təqdirdə, canlı video əlaqənin yaradılması mümkün olmayacaqdır;

3.4. İstifadəçi adı və parolu yalnız bir dəfə istifadə etmək üçün (rəhbər vəzifəli şəxslə canlı bağlantı yaradılanadək) nəzərdə tutulmuşdur və növbəti dəfə istifadə edilə bilməz;

3.5. Canlı video əlaqənin yaradıldığı məkanda sakitlik təmin olunmalıdır;

3.6. Üç və daha artıq şəxsin bir yerə toplaşaraq canlı bağlantı vasitəsilə müraciət etməsi hallarına yol verilmir;

3.7. Canlı video bağlantının müddəti bir qayda olaraq 15 dəqiqədir. Zəruri hallarda bu müddət daha 15 dəqiqə artırıla bilər;

3.8. Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə canlı bağlantı elektron informasiya daşıyıcılarında yazılır;

3.9. Xüsusi araşdırma tələb edən məsələlər üzrə vətəndaşlar yazılı şəkildə müraciət etməlidirlər;

3.10. Video əlaqə zamanı qaldırılan məsələlərə vətəndaşlar yazılı cavabın verilməsini tələb edə bilər.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version