İqtisadiyyat Nazirliyi

Avropa İttifaqı ilə əməkdaşlıq

 

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsi

· 1996-cı il 22 aprel tarixində imzalanmış, 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);

· 14 noyabr 2006-cı ildə imzalanmış Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı;

· 2006-cı il 7 noyabr tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu;

· 2008-ci il 16 iyun tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi;

· 2009-cu il 7 may tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair “Birgə Bəyannamə”;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Avropa Komissiyası və Azərbaycan Respublikası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama (MİP) dair Anlaşma Memorandumu;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu;

· 2013-cü il 29 noyabr tarixində imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş;

· 2014-cü il 28 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş";

· 2014-cü il 14 iyun tarixində "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Azərbaycanın İttifaq proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol".

 

 

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)

Azərbaycan ilə Aİ arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. TƏS 10 il müddətinə imzalanmış və 2009-cu ildə Sazişin icra müddəti bitdiyi üçün onun icrası hər il 1 il müddətinə uzadılır.

 

 

Avropa Qonşuluq Siyasəti (AQS)

2004-cü ildə Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin AQS-yə cəlb olunmasına dair tövsiyə qəbul edilmişdir. Azərbaycan Respublikası AQS-yə daxil edildikdən sonra 14 noyabr 2006-cı il tarixində 5 illik Fəaliyyət Planı Azərbaycan Respublikasının Xarici işlər naziri tərəfindən imzalanmışdır. Fəaliyyət Planında 10 prioritet istiqamət müəyyən edilmişdir: 1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, 2) Demokratiyanın gücləndirilməsi, 3) Qanunun aliliyinin, insan hüquqlarının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi, 4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, 5) Gömrük xidməti işinin yaxşılaşdırılması, 6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək, 7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, 8) Aİ-Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, 9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi, 10) Regional əməkdaşlığın gücləndirilməsi.

 

 

Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu

2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun 4 sahəsi vardır: 1) Azərbaycan qanunvericiliyinin Aİ-nin qanunvericiliyinə uyğunlaşdırılması, 2) Azərbaycan və Xəzərdən Aİ-yə enerji təchizatının təhlükəsizliyinin artırılması, 3) Azərbaycanda müfəssəl enerji idarəetmə siyasətinin işlənilməsi, o cümlədən bərpa olunan enerji inkişafı və 4) Texniki mübadilə və əməkdaşlıq.

Bu Anlaşma Memorandumunun həyata keçirilməsinə nəzarəti Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə həyata keçirir.

 

 

“Şərq Tərəfdaşlığı” təşəbbüsü

Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” (ŞT) təşəbbüsü AQS çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. ŞT çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün aşağıdakı platformalar təsis olunmuşdur:

- Demokratiya, yaxşı idarəetmə və sabitlik üzrə Platforma (Platforma 1);

- İqtisadi inteqrasiya və Aİ siyasətlərinə uyğunlaşma üzrə Platforma (Platforma 2)

- Enerji təhlükəsizliyi üzrə Platforma (Platforma 3);

- İnsanlar arasında əlaqələr üzrə Platforma (Platforma 4).

İqtisadiyyat Nazirliyi Platforma 2-nin ümumi iclaslarında və həmin platformanın nəzdində yaradılmış “Ticarət” və “Kiçik və orta sahibkarlıq” üzrə panellərin iclaslarında iştirak edir.

Platformalar çərçivəsində mütəmadi olaraq iclaslar keçirilir.

 

 

Hərtərəfli İnstitusional Quruculuq Proqramı

HİQ Proqramı Assosiasiya Sazişinin həyata keçirilməsi üçün əsas qurumların potensialının gücləndirilməsi üçün hazırlanmışdır. Proqramın maliyyələşdirilməsi üçün Aİ tərəfindən 2011-2013-cü illər üçün 19 milyon avro məbləğində yardımın göstərilməsi nəzərdə tutulmuşdur. HİQ əsasən aşağıdakıları nəzərdə tutur:

- Qanunun aliliyi, ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində islahatların aparılması.

- Dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində islahatların aparılması.

- Ticarət sahəsində islahatların aparılması.

HİQ üzrə Anlaşma Memorandumu 2011-ci il 13 yanvar tarixində imzalanmışdır. Hazırda İnstitusional İslahat Proqramı (İİP) 1-in (ticarət üzrə), İİP-2 (ədliyyə üzrə) və İİP-3 (dövlət qulluğu üzrə) təsdiq edilmiş və Proqramın icrasına başlanmışdır.

İİP-1 üzrə Rəhbər Komitənin ilk iclası 2015-ci il 29 aprel tarixində keçirilmişdir.

 

 

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası

"Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilmiş və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Komissiyanın sədri təyin edilmişdir. 2013-cü ilin 24 avqust tarixində Komissiyanın 4-cü iclası keçirilmişdir.

Komissiyanın tərkibində bir sıra işçi qrupları fəaliyyət göstərir. Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də İqtisadiyyat Nazirliyinin sədrlik etdiyi İqtisadi Məsələlər üzrə İşçi Qrupudur. İşçi Qrupunun fəaliyyəti Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul edilmiş Fəaliyyət Planın iqtisadi məsələləri əsasında hazırlanan “İş Planı” və “Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı”nın icrasına yönəlmişdir. 2013-cü ilin 24 avqust tarixində Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilmişdir. İclasda “Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2013-2014-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli Sərəncamı ilə Komissiyanın adı dəyişdirilərək “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” olmuşdur.

 

 

Aİ ilə Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq

1992-2006-cı illərdə Aİ-nın TACİS Proqramı, Fövqəladə Yardım Proqramı (EXAP), ECHO Humanitar yardım Proqramı, FEOGA Ərzaq Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı (FSP – Food Security Programme), Bərpa Proqramı (REHAB), Fövqəladə Humanitar Yardım Proqramı (EHA) və s. proqramlar çərçivəsində Azərbaycana humanitar, texniki və ərzaq yardımı göstərilmişdir.

 

 

Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA)

2007-ci ildən etibarən Azərbaycanda Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tətbiq olunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün yardım göstərilməsi nəzərdə tutulur. AQTA-ya büdcəyə dəstək, tvinninq, texniki yardım, TAİEX, SİGMA kimi yardım alətləri daxildir.

AQTA çərçivəsində 2011-2013-cü illər üçün Avropa İttifaqı və Azərbaycan arasında prioritet əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin bu sahələrə yardımın göstərilməsi məqsədilə imzalanmış Milli İndikativ Proqramda qeyd olunmuş illər ərzində Azərbaycana göstəriləcək yardımlar aşağıdakı üç prioritet sahəyə yönəldiləcəkdir:

- demokratik strukturlar və yaxşı idarəçiliyin gücləndirilməsi;

- sosial-iqtisadi islahat və davamlı inkişafın, ticarət və investisiyanın, qanunvericiliyin tənzimlənməsi və islahatların dəstəklənməsi;

- Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının dəstəklənməsi, hərtərəfli institusional quruculuq, o cümlədən səfərbərlik və təhlükəsizlik məsələləri.

 

 

Büdcəyə dəstək aləti

1.

“Regionların inkişafına dəstək Qrant Proqramı”

Benefisiar: İqtisadiyyat Nazirliyi

Müddəti: 2013-2016-cı illər.

 

 

 

Tvinninq Aləti

Hazırda Azərbaycan Respublikası tvinninq layihələrinin sayı üzrə regionda liderdir. 2010-cu ildə İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu layihə Avropa Komissiyası tərəfindən ən uğurlu 4 layihədən biri, 2011-ci ildə isə Milli Məclisin benefisiarı olduğu layihə ən uğurlu 3 layihədən biri hesab edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin benefisiarı olduğu tvinninq layihəsi 2014-cü il ərzində Aİ tərəfindən bütün ölkələrdə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri kimi seçilmişdir.

Tvinninq layihələrindən artıq 25-nin icrası başa çatmış, 8-i icradadır, 10-u üzrə layihə sənədləri hazırlanır.

 

 

İcrada olan Tvinninq layihələri

1.

İnsan resurslarının dayanıqlı inkişafı üçün potensialın artırılmasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək

Benefisiar: Vergilər Nazirliyi

Müddəti: 2014-2016-cı illər.

2.

Azərbaycanda sosial xidmətin göstərilməsinin inkişafı

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2015-2017-ci illər.

3.

Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2015-2017-ci illər.

4.

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək

Benefisiar: Dövlət Dəniz Administrasiyası

Müddəti: 2015-2017-ci illər.

5.

Milli Statistika Sisteminin Avropa standartlarına uyğun müasirləşdirilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək

Benefisiar: Dövlət Statistika Komitəsi

Müddəti:2015-2017-ci illər.

6.

Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi

Benefisiar: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Müddəti: 2016–2017-ci illər.

7.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək”

Benefisiar: İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı

Müddət: 2016-2018-ci illər.

8.

Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək

Benefisiar: Mədəniyyət və Turizm Nazirliyi

Müddət: 2016-2018-ci illər.

 

 

TAİEX

2010-cu il ərzində 20 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 12-si Azərbaycanda seminarın keçirilməsi, 6-sı ekspert missiyası, 2-si isə təlim səfəridir.

2011-ci ildə 34 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 10-u Azərbaycanda seminarın keçirilməsi, 15-i ekspert missiyası, 9-u isə təlim səfəridir.

2012-ci ildə 39 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 12-si Azərbaycanda seminarın keçirilməsi, 16-i ekspert missiyası, 11-i isə təlim səfəridir.

2013-cü ildə 50 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 16-sı Azərbaycanda seminarın keçirilməsi, 20-si ekspert missiyası, 14-ü təlim səfəridir.

2014-cü ildə 21 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 6-ı Azərbaycanda seminarın keçirilməsi, 10-u ekspert missiyası və 5-i təlim səfəridir.

2015-ci ildə 54 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 17-si Azərbaycanda seminarın keçirilməsi, 21-i ekspert missiyası və 16-sı təlim səfəridir.

2016-cı ilin ötən dövrü ərzində 7 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 2-si Azərbaycanda seminarın keçirilməsi, 2-si ekspert missiyası və 3-ü təlim səfəridir.

 

SİGMA

Ümumilikdə, 15 SİGMA layihəsi həyata keçirilmişdir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version