İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilmişdir

 

Dekabrın 1-də İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən İqtisadi İnkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin yanvar-oktyabr aylarında da makroiqtisadi sabitlik qorunub saxlanılmış, ölkə iqtisadiyyatının diversifikasiyası daha da sürətlənmiş, ÜDM-də qeyri-neft sektorunun dinamik inkişafı davam etdirilmiş və onun ÜDM-də xüsusi çəkisi artmış, sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilmiş, sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilmiş, iqtisadiyyata investisiya qoyuluşu artmış, qeyri-neft ixracı sürətlənmişdir. Bu dövrdə kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, sosial layihələrin icrası və s. sahələrdə bir çox işlərin görüldüyünü diqqətə çatdıran nazir Şahin Mustafayev əsas makroiqtisadi göstəricilər barədə də məlumat vermişdir.
Sonra kollegiyanın gündəliyindəki məsələlərlə - mənzil-kommunal təsərrüfatı sahəsində islahatlara dəstək mexanizmlərinin yaradılması ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr, Sumqayıt Kimya Sənaye Parkının yaradılması sahəsində həyata keçirilən tədbirlərlə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilmişdir. Qeyd edilmişdir ki, ölkədə uğurla davam etdirilən iqtisadi islahatlar çərçivəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında geniş əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. Bundan başqa, mənzil fondunun idarə edilməsində yeni yanaşmanın tətbiqi istiqamətində bir sıra qanunverici sənədlərin layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilmişdir və bu sahədə tədbirlər hazırda da davam etdirilir. İclasda mənzil fondunun idarə edilməsi sahəsində pilot layihələrin icrasının və Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyi qeyd edilmişdir.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı sənədlərin sənayenin inkişafında, sahibkarlığın daha da genişlənməsində əhəmiyyəti vurğulanmış, hazırda Azərbaycanda müasir sənaye müəssisələrinin və texnoparkların, o cümlədən Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının təşkili istiqamətində tədbirlərin davam etdirildiyi bildirilmişdir. Bu layihələrin reallaşdırılması ölkədə sənayeləşmə prosesinin daha da sürətlənməsində, iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqində, müasir standartlara cavab verən məhsulların istehsalında əhəmiyyətli rol oynayacaqdır. Kollegiya iclasında Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində görülən işlərə dair hesabat dinlənilmiş, sənaye parklarında peşə təhsilinin təşkilinin vacibliyi vurğulanmışdır.
İclasda İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri görülmüş işlər barədə məlumat vermişlər.
Kollegiya iclasını yekunlaşdıran İqtisadi İnkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar vermişdir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version