İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayış 


Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayır.
Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2012-ci il ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri açılmış, 5,4 min yeni müəssisə fəaliyyətə başlamışdır. 2012-ci il ərzində qeydiyyatdan keçmiş hüquqi şəxslərin 85,9 faizi xüsusi mülkiyyətli müəssisələrin payına düşür.
Ümumilikdə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulundan ötən müddət ərzində 360 minə yaxın yeni iş yeri, 20,2 min yeni müəssisə yaradılmışdır. Açılmış iş yerlərinin 70 faizdən çoxu regionların payına düşmüşdür.
Ölkə Prezidenti 2012-ci il ərzində Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində, Tovuz, Qazax, Goranboy, Ağstafa, Quba, Qusar, Masallı, Zaqatala, Qax, Astara, Salyan, Hacıqabul, Bərdə, Tərtər, Zərdab, Yevlax, Saatlı, Beyləqan, İmişli, Füzuli, Lənkəran, Cəlilabad, Zaqatala, Şəki, Qəbələ, Culfa və Kəngərli rayonlarında, o cümlədən Bakı şəhərində bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmişdir.
2012-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Gəncə, Şəki, Yevlax və Lənkəran şəhərlərinin, Goranboy, Qusar, Beyləqan, Biləsuvar, Şəmkir, Kürdəmir, Cəlilabad, Astara, Salyan, Masallı, İsmayıllı, Göygöl, Gədəbəy, Şabran, Balakən, Daşkəsən, Lerik, Oğuz, Samux, Qazax, Tovuz, Ağstafa, Abşeron, Siyəzən, Neftçala, Bərdə, Saatlı, İmişli, Tərtər, Zərdab, Ağsu, Hacıqabul, Füzuli və Qobustan rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Abşeron rayon mərkəzi xəstəxanasının tikintisinə, Astara rayon mərkəzi və Sumqayıt şəhər 1 nömrəli xəstəxanalarının yenidənqurulmasına, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının təmir-tikinti işlərinə, Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsinə, Göytəpə (Tovuz) Arxeoloji Parkının yaradılmasına, Qazaxda Ədəbiyyat muzeyinin tikintisinə, Zərdabda Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsinə, Abşeronda yeni Zooloji Parkın tikintisinə, Xaçmazda Samur-Yalama Milli Parkının yaradılmasına dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmışdır.
Eyni zamanda, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasının sürətləndirilməsini və bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə "2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında" ölkə başçısının 29 mart 2012-ci il tarixli Sərəncamı ilə 50 milyon manat vəsait ayrılmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300,0 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir.
Ökə başçısının xüsusi diqqət və qayğısı nəticəsində 2012-ci il ərzində regionlarda davamlı iqtisadi inkişaf təmin edilmiş və makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuşdur. Belə ki, 2012-ci il ərzində ölkə iqtisadiyyatında 54,0 milyard manatlıq Ümum Daxili Məhsul (ÜDM) istehsal edilmiş, onun həcmi əvvəlki ilə nisbətən 2,2 faiz və ya müqayisəli qiymətlərlə 1,1 milyard manat artmışdır. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmişdir.
2012-ci il ərzində əhalinin gəlirləri ötən illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatmış və onun adambaşına həcmi 3784,3 manat təşkil edərək (orta hesabla ayda 315,4 manat) əvvəlki ildəkindən 12,2 faiz çox olmuşdur.
Aqrar sahədə 2012-ci il ərzində bitkiçilik məhsulları istehsalı dəyər ifadəsində 5,8 faiz, heyvandarlıq məhsulları istehsalı 5,9 faiz və kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz artmışdır. Hesabat dövründə bitkiçilik məhsulları üzrə qarğıdalı da nəzərə alınmaqla taxıl 14,0 faiz, kartof 3,2 faiz, meyvə və giləmeyvə 5,7 faiz, üzüm 9,6 faiz, tütün 19,3 faiz, yaşıl çay yarpağı 6,3 faiz artımla istehsal olunmuşdur. Heyvandarlıq məhsulları üzrə ət istehsalı 4,3 faiz, süd istehsalı 6,0 faiz, yumurta istehsalı 21,3 faiz, yun istehsalı 1,6 faiz artmışdır.
Sənayeləşmə siyasətinin uğurla davam etdirilməsi qeyri-neft sahəsinin dinamik inkişafını təmin etmişdir. İqtisadiyyatın qeyri-neft sahələrində istehsal edilmiş ÜDM-in həcmi 9,7 faiz, sənayenin qeyri-neft sahələrində isə əlavə dəyər 11,7 faiz artımla müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,0 faizini təşkil etmiş, ümumi istehsalın 91,8 faizi sənaye mallarının, 8,2 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. 2012-ci il ərzində qida məhsullarının istehsalı hesabına emal sahəsində 5,4 faiz artım olmuş, eləcə də tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi əvvəlki illə müqayisədə 16,9 faiz artımla müşahidə edilmişdir. Yeni sənaye müəssisələrinin istifadəyə verilməsi nəticəsində hesabat ilində sement istehsalı 38,9 faiz, asfalt istehsalı 1,6 dəfə, tikinti gipsi 1,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 dəfə artmışdır. Ümumilikdə, sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 7,8 faiz artmışdır.
Ümumilikdə, 2012-ci il ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 36,6 faizi sənaye sahələrinin inkişafına yönəldilmiş, qeyri-neft sektorunun inkişafına sərf edilmiş vəsaitin həcmi isə əvvəlki ilə nisbətən 18,3 faiz artaraq ümumi sərmayənin 76,2 faizini təşkil etmişdir. Sənayeləşmə siyasətinə uyğun olaraq 2012-ci il ərzində Bakıda Metal konstruksiyalar zavodu, Balaxanıda bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Bakıda və Naxçıvanda sement zavodları, Gəncədə Alüminium zavodu kompleksi, Sumqayıtda "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları istifadəyə verilmiş, Balaxanı sənaye parkının təməli qoyulmuşdur. Ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi istiqamətində 2012-ci ilin dekabrında təməli qoyulmuş Balaxanı sənaye parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Sənaye parkları idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, ölkədə sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasında önəmli olmaqla, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına ciddi təsir göstərəcək, yeni iqtisadi artım mərkəzləri rolunu oynayacaqdır.
Eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ilin noyabr ayının 5-də müvafiq Fərman imzalanmışdır.
2012-ci il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində əsas kapitala bütün maliyyə mənbələri hesabına 15,3 milyard manat investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 78,8 faizini daxili investisiyalar, 21,2 faizini isə xarici investisiyalar təşkil etmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2012-ci il ərzində bir sıra müəssisələr, sosial obyektlər və infrastruktur layihələri, o cümlədən Qazaxda konserv zavodu, Bərdədə çörək istehsalı müəssisəsi, İmişlidə "Araz" damazlıq quşçuluq fabriki, "Kraun-Co" taxıl anbarı kompleksi, Tərtərdə süd emalı zavodu, Tərtər, Füzuli və Masallı soyuducu anbar kompleksləri, Ağstafada "Ağstafa Aqroservis" MMC, Bakıda və Masallıda istixana kompleksləri, Şəkidə və Cəlilabadda taxıl anbarı və dəyirman kompleksləri, Bakıda "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" və "İçərişəhər" yarımstansiyaları və Tədris Mərkəzi, Füzuli Su Elektrik Stansiyası, Qusarda "Qusar-1" kiçik su elektrik stansiyası, Naxçıvanda şəhər poliklinikası, Qusarda mərkəzi xəstəxana, Astarada mərkəzi xəstəxana yenidənqurmadan sonra, Bakıda "Baku Crystal Hall" İdman-konsert kompleksi, "Marriott Abşeron", "Qafqaz Baku City Hotel and Rezidences", "Four Seasons" otelləri, Qusarda "Zirvə" və "Qaya" otelləri, Şəkidə "Shaki Palace", Tovuzda "Ayan Palase" otelləri, Bakıda, Qusarda, Zərdabda, Beyləqanda, İmişlidə, Tərtərdə və Horadizdə Heydər Əliyev Mərkəzləri, Azərbaycan Diplomatik Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksləri, Horadizdə 3 nömrəli şəhər orta məktəbi, Zaqatalada 2 nömrəli tam orta məktəbi, Gözbarax kənd orta məktəbi, Bakıda Tofiq Bəhramov adına Respublika stadionu yenidənqurmadan sonra, 8-ci km stadionu, Zirə İdman Kompleksi, "Xəzri" istirahət və sağlamlıq mərkəzi, Astara və Cəlilabadda Olimpiya İdman Kompleksləri, Qazaxda, Masallıda, Ağstafada, Zərdabda, Saatlıda, Tərtərdə və Horadizdə Gənclər Mərkəzləri, Qazaxda, Qusarda, Goranboyda, İmişlidə, Saatlıda, Horadizdə Şahmat məktəbləri, Goranboyda, Kəngərlidə və Horadizdə mədəniyyət evləri, Culfada uşaq musiqi məktəbi, Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Yevlaxda Regional İnformasiya Mərkəzi və avtovağzal kompleksi, Yevlax -Bərdə, Naxçıvan-Culfa, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qusar-Ləzə, Beyləqan-Kəbirli-Baharabad, Astarada Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə, Salyanda Kürsəngi-Yolüstü, Qazaxda Qazaxbəyli-Aşağı Salahlı, Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolları, Gədəbəydə "Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərində, Qubada Qaraçay üzərində, Siyəzəndə Bakı-Quba yolunda, Ağsuda Ağsu çayı üzərində və Balakəndə Mazımçay üzərində yeni körpülər istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-ci il ərzində 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına ölkə üzrə 9 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Dövlətin güzəştli kreditlərinin 68,1 faizi aqrar sektorun, 31,9 faizi müxtəlif sənaye sahələrinin və turizmin inkişafına verilmişdir. 2011-ci illə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrin sayı 47,2 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 58 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 40,2 faiz artmışdır.
2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Aran iqtisadi rayonu üzrə 1034 layihəyə 66,7 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 404 layihəyə 16,1 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 179 layihəyə 24,6 milyon manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 66 layihəyə 4,9 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 144 layihəyə 23,8 milyon manat, Lənkəran iqtisadi rayonu üzrə 189 layihəyə 6,3 milyon manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 160 layihəyə 4 milyon manat, Abşeron iqtisadi rayonu üzrə 44 layihəyə 34,4 milyon manat və Bakı şəhəri, ətraf kənd və qəsəbələri üzrə 199 layihəyə 37,1 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına inşa edilmiş Masallıda soyuducu anbar və istixana komplekslərində, Qazaxda konserv zavodunda, Qaradağda metal konstruksiyalar zavodunda, Xəzər rayonunda istixana kompleksində, Cəlilabadda broyler fabriki və taxıl anbarı kompleksində, Şəkidə taxıl anbarı kompleksində, İmişlidə damazlıq yumurta fabrikində və taxıl anbarı kompleksində, Bərdədə çörək zavodunda, Füzulidə soyuducu anbar kompleksində olmuşdur.
Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 9083, o cümlədən, Bakı şəhəri, ətraf kənd və qəsəbələri üzrə 1467, Abşeron iqtisadi rayonu üzrə 1203, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1114, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 438, Lənkəran iqtisadi rayonu üzrə 562, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1130, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 81, Aran iqtisadi rayonu üzrə 2756, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 332 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində yaradılacaq yeni iş yerlərinin 70,5 faizi aqrar sektorun, 29,5 faizi digər sənaye və turizm sahələrinin payına düşmüşdür.

 

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version