Aprelin 27-də "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev hazırda ölkədə sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən, ölkədə sənaye parklarının yaradılmasına başlanmış, bu sahədə müvafiq qanunvericilik bazası yaradılmış, vergi güzəştləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılmışdır. Sənaye parkları qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcəkdir.
Sonra "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru vəzifəsini icra edən Mehman Ağayev sənaye parkının yaradılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Sənaye Parkının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə məsləhətçi şirkət cəlb edilmiş, "Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə"dən irəli gələn normativ-hüquqi aktların və sənədlərin layihələri hazırlanmışdır. Sumqayıt Kimya Sənaye Parkının Baş Planı tərtib olunmuş, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınmış, rezidentin uçot qeydiyyat sistemi yaradılmışdır. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilmiş, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanmışdır. Artıq Sənaye Parkının ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir, ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.
Məlumat verilmişdir ki, Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı və müvafiq təqdimatlar hazırlanmışdır. Hazırda aparıcı şirkətlərlə danışıqlar aparılır. Danışıqlar investorların Sumqayıt Kimya Sənaye Parkında həyata keçiriləcək layihələrə marağının böyük olduğunu göstərir.
"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının kimya sənayesinin inkişafında, bu sahədə ixrac potensialının artırılmasında böyük əhəmiyyətini vurğulamış, Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılması, istehsalı planlaşdırılan kimya məhsulları və s. barədə məlumat vermişdir.
Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.