İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

Latviyanın Kənd Təsərrüfatı naziri İqtisadi İnkişaf Nazirliyində olmuşdur

 

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın Kənd Təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Latviyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, Latviyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak etmişlər.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamışdır. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Aqrar sektora sistemli dövlət dəstəyi tədbirləri göstərilir, ölkədə müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişlənir, aqrar sektorun infrastruktur təminatı yaxşılaşır, müasir quşçuluq və heyvandarlıq kompleksləri, iri taxılçılıq təsərrüfatları yaradılır, kənd təsərrüfatı sahəsində intensiv metodlar tətbiq edilir. Hazırda rəqabətqabiliyyətli Azərbaycan məhsulları müxtəlif ölkələrə ixrac olunur. Ölkəmizin aqrar sahədə geniş potensiala malik olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Latviyanın Kənd Təsərrüfatı naziri xanım Laimdota Straujuman ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, səfər çərçivəsində keçirdiyi görüşlərin və bu günlərdə keçirilmiş Azərbaycan-Latviya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır. Xanım Laimdota Straujuman iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir.
Görüş çərçivəsində həmçinin, Latviyanın heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat vermişlər.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version