“Qiymətli kağızlar” anlayışına xarici və yerli ədəbiyyatlarda vahid yanaşma mövcud deyil. Bu təkcə qiymətli kağızların müxtəlifliyi ilə yox, həmçinin bu anlayışa kimin – iqtisadçı, yoxsa hüquqşünasın tərif verməyindən də asılıdır. Ümumilikdə, qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir: “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir.”
ABŞ-ın Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).
Korporativ qiymətli kağızlar – emitenti qismində səhmdar cəmiyyətlər və digər təşkilati-hüquqi formalı təşkilatlar, həmçinin banklar, investisiya şirkətləri və fondları çıxış edən qiymətli kağızlardır. Korporativ qiymətli kağızlar 3 növə ayrılır: borc, sahiblik və törəmə qiymətli kağızlar. Qiymətli kağızlar çoxnövlülüyü ilə fərqlənir və bu səbəbdən də müxtəlif ədəbiyyatlarda müxtəlif klassifikasiyalara rast gəlmək olar. Məsələn:
Korporativ qiymətli kağızlarda səhm və korporativ istiqrazların xüsusi çəkisi böyükdür.
Səhm – sahibinə səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividentlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verən qiymətli kağızdır. İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər.
Qiymətli kağızlar emissiyasının məqsədləri aşağıdakılardan biri ola bilər: • Səhmdar cəmiyyətin yaradılması zamanı ilkin nizamnamə kapitalının formalaşdırılması; • Səhmdar cəmiyyətin nizamnamə kapitalının həcminin dəyişdirilməsi; • Əvvəllər buraxılmış qiymətli kağızların birləşdirilməsi, yaxud xırdalanması; • Səhmdar cəmiyyətinin, yaxid hüquqi şəxsin digər formalarının (səhmdar cəmiyyətinə çevrildikdə) yenidən təşkili; • Təsərrüfat cəmiyyətinin əvvəllər buraxdığı qiymətli kağızların onların sahiblərinə verdiyi hüquqların dəyişdirilməsi; • Şəxsi kapitalın artırılması; • Borc vəsaitlərinin cəlb edilməsi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində qiymətli kağızların birləşdirilməsi, xırdalanması və konvertasiyası anlayışları aşağıdakı kimi təsbit olunmuşdur: Qiymətli kağızların birləşdirilməsi bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur. Qiymətli kağızların xırdalanması (bölünməsi) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunurlar. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli kağızlar sahiblərindən geri alınan qiymətli kağızların dəyərinin qaytarılması üçün əsas deyil və qiymətli kağızlar sahibləri tərəfindən əlavə xərclər edilmədən həyata keçirilir.
Emitentin yerləşdirilmiş qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.
Konvertasiya aşağıdakı məqsədlərdən biri üçün həyata keçirilir: • əvvəllər yerləşdirilmiş qiymətli kağızların nominal dəyərini dəyişmək; • əvvəllər buraxılmış qiymətli kağızların onların sahiblərinə verdiyi hüquqların dəyişdirilməsi; • əvvəllər yerləşdirilmiş qiymətli kağızların birləşdirilməsi, yaxud xırdalanması.
Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir: • emitentin qərarı ilə; • qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə; • qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə; • emintentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə; • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.