Xəbərlər

  • Yaradılıb 14.02.2018 17:51
  • Yenilənib 14.02.2018 21:31
  • Nəşr edilib 14.02.2018 17:50

Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək

 

Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində birgə layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərəcək. Bu barədə fevralın 14-də İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib.

Görüşdə Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib. Azərbaycanla birgə həyata keçiriləcək layihəyə uyğun olaraq, Cucuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Birgə layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Bundan başqa, birgə layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq.

Birgə layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar “Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılacaq.

Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin yeni həyat bəxş etdiyi Cocuq Mərcanlıya göstərilən diqqətə görə Türkiyə tərəfinə minnətdarlıq edib və birgə layihənin Cocuq Mərcanlının inkişafında, kənd sakinlərinin məşğulluğunun təmin edilməsində və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətlı olacağını, Azərbaycan tərəfindən layihəyə hər cür dəstək göstəriləcəyini vurğulayıb.

← Geriyə