İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:12
  • Yenilənib 03.05.2018 09:35
  • Nəşr edilib 01.10.2012 11:12

İslam Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı - İƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusu almışdır.

Üzv ölkələr. Əfqanıstan, Albaniya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bissau, Kot Divuar, Qana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Liviya, Malayziya, Maldivlər, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra Leone, Somali, Sudan, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən.

Məqsədi. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi, onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, irqi ayrı-seçkiliyin və hər hansı formada müstəmləkəçiliyin ləğvinin dəstəklənməsi, ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, işğal edilmiş müqəddəs yerlərin azad edilməsi və toxunulmazlığının təmin edilməsi, Fələstin xalqının hüquqlarının bərpa edilməsi və ərazisinin azad edilməsi yolundakı mübarizənin dəstəklənməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılmasından ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. İƏT istər zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri Konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. 2006-cı ilin iyun ayında Təşkilatın Xarici İşlər Nazirləri 33-cü Konfransı Bakıda keçirilmişdir. 2010-cu ildə İƏT-in qurumu olan İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısı Bakıda keçirilmişdir.

21-24 noyabr 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində COMCEC-in “İƏT üzv dövlətlərində İslam Maliyyələşdirilməsi Strategiyasının inkişaf etdirilməsi” mövzusunda 32-ci sessiyası keçirilmişdir. Tədbirlərdə iqtisadiyyat nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunmuşdur.

← Geriyə