İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:15
  • Yenilənib 07.11.2017 10:51
  • Nəşr edilib 01.10.2012 11:15

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası


Ümumi məlumat. 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.

Üzv ölkələr. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan. Məqsədi. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır.

Azərbaycanla əməkdaşlıq. 2011-ci ilin oktyabr ayında Qazaxıstanda TDƏŞ Zirvə Toplantısı və İqtisadiyyat nazirlərinin ilk görüşü keçirilmiş, TDƏŞ-in I Zirvə Toplantısının yekun sənədi - Almatı Bəyannaməsi imzalanmışdır. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişdir. Hər iki görüş nəticəsində türkdilli ölkələr arasında investisiya şəraitinin yaxşılaşdırılması, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi, sahibkarlığın gücləndirilməsi sahələrində İşçi Qruplarının yaradılması qərara alınmışdır. Hər il mütəmadi olaraq ildə iki dəfə TDƏŞ-in iqtisadiyyat üzrə İşçi Qruplarının iclasları və ildə bir dəfə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir.

İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır.

2014-cü ilin 19 iyun tarixində İssuk-Kulda İşçi Qruplarının növbəti iclası və 20 iyun tarixində iqtisadiyyat nazirlərinin növbəti görüşü keçirilmişdir.

2014-cü ilin 4-5 iyun tarixlərində Türkiyənin Bodrum şəhərində TDƏŞ-in üçüncü Zirvə Toplantısı keçirilmişdir. Hazırda TDƏŞ-in üzv dövlətləri arasında sahibkarlığın inkişafı, investisiya sahəsində təcrübə mübadiləsi və investisiya statistikası üzrə Anlaşma Memorandumlarının imzalanması üçün danışıqlar aparılır.

2014-cü ilin 19 fevral tarixində İstanbulda TDƏŞ-in üzv dövlətlərinin Biznes Forumu keçirilmişdir.

24-25 oktyabr 2014-cü il tarixlərində Naxçıvanda “İqtisadi inteqrasiya imkanları və meydana çıxan çətinliklər” mövzusunda TDƏŞ-in Biznes Şurasının 3-cü görüşü və 3-cü Biznes Forumu keçirilmişdir.

28-29 sentyabr 2015-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində Türk Şurasının işçi qruplarının və iqtisadiyyat nazirlərinin növbəti iclası keçirilmişdir. İqtisadiyyat nazirlərinin görüşü zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətləri arasında investisiya statistikası sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətləri arasında investisiya mühiti üzrə təcrübə mübadiləsi imkanlarının tədqiq edilməsi haqqında Anlaşma Memorandumu” və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin kiçik və orta ölçülü müəssisələr üzrə hökumət orqanları arasında Anlaşma Memorandumu”  imzalanmışdır.

TDƏŞ-in işçi qruplarının və iqtisadiyyat nazirlərinin növbəti iclasları 20-21 dekabr 2016-cı il tarixlərində Bakıda keçirilmişdir.

TDƏŞ-in İqtisadiyyat nazirlərinin 7-ci iclası 30 noyabr 2017-ci ildə keçiriləcəkdir.

← Geriyə