Xəbərlər

  • Yaradılıb 12.09.2018 17:38
  • Yenilənib 13.09.2018 14:08
  • Nəşr edilib 12.09.2018 17:30

Azərbaycan-Çexiya biznes forumu keçirilib

 

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.

Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Çexiya arasında müxtəlif sahələri, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2 mlrd. dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediblər. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2,4 dəfə, 2018-ci ilin yanvar-iyun ayları ərzində 2,1 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib və bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür. “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə əməkdaşlığa dair Memorandum imzalanıb və hazırda bu sahədə hazırlıq işləri davam etdirilir. Ölkələrimiz avtomobil və dəmir yollarının yenidənqurulması, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, vaqonların istehsalı, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir.

Nazir Şahin Mustafayev Azərbaycanda xarici investisiyalar və iş adamları üçün yardaılmış imkanlar barədə də məlumat verərək qeyd edib ki, Azərbaycan stabil ölkədir, regionun siyasi və iqtisadi mərkəzidir, müasir infrastruktur yaradılıb, tranzil potensialı genişdir. Cənubi Qafqazda ÜDM istehsalının 60%-dən çoxu Azərbaycanın payına düşür. Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə apardığı sorğunun nəticələrinə görə, xarici investorların 65%-i Azərbaycandakı mövcud makroiqtisadi vəziyyəti müsbət, 89%-i isə ölkənin makroiqtisadi perspektivlərini yaxşı və stabil kimi qiymətləndiriblər.

Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakova nazir kimi ilk səfərinin Azərbaycana olmasından məmnunluğunu bildirib, Azərbaycanın uğurlu inkişaf yolunu vurğulayıb. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən Marta Novakova sənaye, əczaçılıq, kimya, birgə müəssisələrin yaradılması və digər sahələrdə geniş əməkdaşlıq imkanlarını, bu günkü biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb, çex şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Çexiya İqtisadiyyat Palatasının vitse-prezidenti Borjivoy Minarj müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Platasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust isə çex şirkətlərinin fəaliyyətinə və əməkdaşlıq istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

← Geriyə