KOB

KOBİA hansı məqsədlə yaradılıb?

KOBİA Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi məqsədilə yaradılıb.

KOBİA tərəfindən sahibkarlara hansı xidmətlər göstərilir?

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

Öz biznesini qurmaq və genişləndirmək istəyən sahibkarlar hara müraciət edə bilər?

Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-ya və ya Agentliyin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişafı etdirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, digər dövlət strukturları ilə əlaqələndirmə, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması istiqamətlərində dəstək və xidmətlər göstərilir.

Kiçik və Orta Biznesin Dostu kimdir?

“KOB Dostu” KOBİA-nın mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindəndir. “KOB Dostu” fəaliyyət göstərdiyi inzibati ərazidə KOB subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərini, potensial imkanlarını müəyyən edir, yeni KOB-ların yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir. “KOB Dostu” həmçinin, KOB-ların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı yaşadıqları ərazi və ya coğrafi baxımdan onlara ən yaxın “KOB Dostu” ofislərinə müraciət edə bilərlər. “KOB Dostu” ofislərinin ünvanları və digər əlaqə vasitələri KOBİA-nın www.smb.gov.az saytında yerləşdirilib.

Kiçik və orta biznes evi nədir?

KOBİA-nın struktur bölməsi olan KOB evibiznes subyektləri üçün bütün dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim edildiyi vahid məkandır. İlk KOB evi Xaçmaz şəhərində fəaliyyət göstərir. Burada dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 300-ə yaxın xidmət göstərilir. KOB evində sahibkarlara göstərilən xidmətlərlə KOBİA-nın www.smb.gov.az saytından tanış olmaq olar.

KOB İnkişaf Mərkəzi nədir?

KOB inkişaf mərkəzləri KOBİA-nın struktur bölmələridir. Bu mərkəzlərdə öz biznesini qurmaq və genişləndirmək istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilir, konsaltinq xidmətləri göstərilir. İlk KOB İnkişaf Mərkəzi Xaçmaz KOB evində fəaliyyət göstərir.

Daxili bazar araşdırması nədir?

Daxili bazar araşdırmaları rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya və icazələr, marketinq, reklam və digər sahələrdə KOB subyektlərinin xərclərinin azaldılması məqsədilə, habelə yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir. Bu dəstəkdən mikro, kiçik və orta sahibkarlar yararlana bilər. Dəstəyin təşkili və ödənilməsi KOBİA tərəfindən həyata keçirilir. Mikro sahibkarın müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-ni, kiçik sahibkarın müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 50%-ni dövlət ödəyir. Orta sahibkarlara təlimlərin və seminarların keçirilməsi, təlim prosesində müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməz.

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Sartap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.

Startap nədir? KOBİA tərəfindən startaplara hansı dəstək göstəriləcək?

Startap - innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq meyarlara cavab verən və “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. KOBİA “Startap” şəhadətnaməsini verən səlahiyyətli qurum kimi müəyyən edilib.

Dövlət satınalmalarında KOB subyektlərinin iştirak şərtləri nədən ibarətdir?

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dolları ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) dövlət satınalmaları yalnız KOB subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.

Kiçik və Orta Biznes klasteri nədir?

Kiçik və Orta Biznes klasteri - eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. KOBİA “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.

"KOB klaster şirkəti" və "KOB klasterin iştirakçısı" üçün hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.

Mikro, kiçik və orta sahibkarlıq subyektləri hansı güzəştli kreditlərdən yararlana bilər?

Mikro, kiçik və orta sahibkarlıq subyektləri müxtəlif sahələrdə biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlətin güzəştli kreditlərindən istifadə edə bilərlər. Sahibkarlar sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələri üzrə dövlətin güzəştli kreditləri üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar hansı tarixə qədər dayandırılıb?

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-ci il yanvarın 1-dək dayandırılıb. Bu müddət ərzində yalnız vergi, maliyyə bazarları, gömrük auditi, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, həmçinin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər.

İxracla məşğul olan sahibkarlar üçün hansı dövlət dəstəyi tədbirləri nəzərdə tutulur?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarlar Azərbaycan Respublikası Prezidentinin “Made in Azerbaijan” brendinin təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş ixrac missiyaları, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmasına dəstək kimi mexanizmlərdən yararlana bilərlər. Bu dəstək tədbirlərinə dair xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

"KOB könüllüləri" kimdir?

KOBİA-da“Kiçik və Orta Biznes Könüllüləri” Proqramı həyata keçirilir. Bu proqrama qoşulmaq və Agentlikdə könüllü olmaq üçün www.smb.gov.az saytının "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçmək lazımdır. Bu bölməyə daxil olan bütün müraciətlər dəyərləndirilir və uyğun namizədlər Agentliyin könüllü ehtiyacı nəzərə alınmaqla KOBİA-da və ya Agentliyin "KOB Dostu" ofislərində, KOB evlərində könüllü fəaliyyətinə dəvət olunur. “KOB könüllüləri” Agentliyin gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. 2 ay davam edən könüllülük fəaliyyətinin sonunda KOB könüllülərinə sertifikatlar verilir.

KOBİA-da işə qəbul necə həyata keçirilir?

KOBİA üzrə vakant iş yerləri barədə www.smb.gov.az saytındakı "Elanlar" bölməsində və Agentliyin sosial şəbəkələrdəki səhifələrində namizədə dair tələblər, müraciət qaydası və s. göstərilməklə məlumat verilir. Həmçinin, gələcəkdə Agentlikdə yarana biləcək vakant iş yerlərinə işə qəbul zamanı nəzərə alınması üçün maraqlı şəxslər CV-lərini Agentliyin hr@smb.gov.az ünvanına göndərə bilərlər.

Sahibkarlar mediasiya dəstəyindən necə istifadə edə bilərlər?

Mediasiya mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Kommersiya mübahisələrinin həlli üçün də mediasiya effektiv metoddur. İşgüzar mübahisələrin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin və kommersiya sirrinin yayılmasının qarşısını alır. Sahibkarlıq fəaliyyəti zamanı tərəflər arasında yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə biznes subyektləri Mediasiya Şurasına və ya “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər.

“Startap” şəhadətnaməsi nədir?

“Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir. “Startap” şəhadətnaməsi almaq istəyən KOB subyektləri yazılı formada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər. 

Sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələri necə maliyyələşdirilir?

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar biznes subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələrində layihələrinin maliyyələşdirilməsinə qrant vəsaiti ayrılır. Maliyyələşdirmə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən il ərzində təşkil olunan müsabiqələr əsasında həyata keçirilir. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manata qədərdir. 

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən necə yararlanmaq olar?

Mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər. Müraciətlər Agentliyə elektron qaydada təqdim edilməlidir. Dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağı nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ay uzadıla bilər. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının yalnız 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyir. 

Sahibkarların sərgilərdə iştirakına necə dəstək göstərilir?

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə ödənişsiz olaraq iştirakına dəstək göstərilir. Məqsəd sahibkarların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına tanıtmaqla satışına dəstək olmaqdır. Bu dəstək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. KOBİA-nın dəstəyi və iştirakı ilə keçirilən sərgi və yarmarkalarda məhsul və xidmətlərini təqdim etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilmiş formanı doldurmaqla elektron qaydada müraciət etməlidirlər. 

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”ndan necə yararlanmaq olar?

Azərbaycan sahibkarlarının və menecerlərinin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, biznes biliklərinin və bacarıqlarının artırılması, Almaniyanın qabaqcıl şirkətləri ilə işgüzar əlaqələrinin qurulması məqsədilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” həyata keçirilir. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər. İştirakçıların seçimi Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında həyata keçirilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri Almaniya tərəfindən qarşılanır. Proqram çərçivəsində sahibkar və menecerlər Almaniyanın təlim mərkəzlərində biznes təlimlərə cəlb olunur, Almaniya şirkətlərində təcrübə keçirlər. Proqramı uğurla başa vuran sahibkar və menecerlərə beynəlxalq sertifikat verilir. 

Sahibkarlar üçün yaradılmış video təlim platforması nədir?

Video təlim platforması mikro, kiçik və orta biznes subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılıb. Bu platformada biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, hər bir mövzu üzrə təlim materialları və özünüqiymətləndirmə testləri yerləşdirilib. Platformadan istifadə ödənişsizdir. Biznes sahəsində biliklərini artırmaq istəyən KOB-lar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər www.kobim.az saytının “Video təlim platforması” bölməsində qeydiyyatdan keçməklə video materiallardan faydalana bilərlər. 

Kiçik və Orta Biznes klasteri (KOB klaster) nədir?

Kiçik və Orta Biznes klasteri – KOB klaster eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. KOBİA “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. KOB klasterinin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı formada və ya elektron qaydada KOBİA-ya müraciət etməlidir. 

İnvestisiya təşviqi sənədi nədir?

Ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə 2016-cı ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara investisiya təşviqi sənədi verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müdətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından azad edilir.